2 May 2016 18:15
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olub.

Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gəlib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndində, Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə görüşüblər, Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə tanış olublar. Azərbaycan Prezidenti və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı sakinlərə baş çəkiblər.
Prezident İlham Əliyevin hərbi əməliyyatların bilavasitə getdiyi ərazilərə yollanaraq hərbçilərlə və mülki əhali ilə görüşməsi onun Ali Baş Komandan kimi yüksək mənəvi keyfiyyətlərindən xəbər verir.

Milli Məclisin deputatı Zahid Oruc da bu fikirdədir ki, ölkə başçısının bu addımı ilk növbədə onun xarakterindən, mərdliyindən qaynaqlanır. Onun sözlərinə görə, təbii ki, Prezident və Ali Baş Komandan olmaq müəyyən bir hüquqi öhdəliklər anlamına gəlir: “Lakin biz tarixin müxtəlif səhnələrindən tanışıq, ən azı yaxşı bilirik ki, üzərinə risk götürmək, əsgər və zabitlə çiyin-çiyinə dayanmaq, səngərdə olmaq, risk zonasında hərəkət etmək çox az dövlət başçısının qərarı olur. Baxmayaraq ki, Sərkisyan “üçgünlük müharibə”dən sonrakı günlərdə hərbi qiyafədə həmin ərazilərə gəlmişdi. Amma hamıya bəllidir ki, bu, mövqe məğlubiyyətlərinin və “üçgünlük müharibə”dəki zərbənin nəticələrini hər hansı şəkildə öz üzərindən uzaqlaşdırmaq niyyəti ilə edilir. Sonrakı günlərdə 3 generalın qurban verilməsi və başqa tədbirlər də sübut etdi ki, biz haqlıyıq. Yəni, məsuliyyəti başqasının üzərinə qoymaq məqsədi daşıyırdı”.

Z.Oruc qeyd edib ki, cənab Prezidentin hazırkı səfəri, Ali Baş Komandanın səngərdə olması hərbçilərimizə mənən və psixoloji olaraq ən güclü ruhun verilməsi anlamındadır: “Başqa tərəfdən sərkərdə gücü ilə bütün real proseslərin, hərbi-taktiki işlər, texnika, sursat, ehtiyatlar, canlı qüvvə və sair məsələlərlə özünün yerindəcə tanış olması, əminlik-arxayınlıq, vəziyyətə uyğun atılacaq addımların və tapşırıqların müəyyənləşdirilməsidir.

Düşünürəm ki, Ali Baş Komandanın bu səfəri təkcə ordu üçün önəmli deyil. Silahlı Qüvvələr, əlbəttə cənab Prezidentin birbaşa döyüş bölgəsinə gəlməsini yüksək qiymətləndirirlər. Bu, dünyanın və Azərbaycanın özünün tarixi üçün çox əhəmiyyətlidir. Yeri gəlmişkən, biz keçmişdə, Azərbaycanın ilk müstəqillik illərində təəssüf ki, bunları görməmişik”.

Deputat bildirib ki, Prezident İlham Əliyev evləri dağılmış insanlara baş çəkməklə, onların dərdini bölüşməklə, yanlarında olmaqla həmçinin həmin evlərin bərpası ilə bağlı qərarlar verməklə, sübut edir ki, Azərbaycan insanı dövlət başçısına güvənərək, rəhbəri ilə eyni səngərdə olduğunu nəzərə alaraq növbəti köçkünlüyü yaşamaq fikrindən qəti bir şəkildə uzaqdır. Köçkünlük cəbhə xəttində, yaxud səngərdə ölməkdən betərdir, çox ağırdır”.
Z.Oruc qeyd edib ki, Ermənistanda “üçgünlük müharibə”nin xofundan çıxmaq üçün yollar arayanlara Azərbaycan Prezidenti tərəfindən daha fərqli, qeyri-standart və kəskin bir cavab verilmiş olub: “Bir fakt dəqiqdir və cənab Prezident onu söylədi.

Bizim bundan sonrakı dövrdə də işğal gerçəkliyinə dözmək fikrimiz yoxdur. Bu o deməkdir ki, cənab Prezident artıq hansısa diplomatik danışıqlara, geopolitik çözümlərə deyil, daha çox əsgərinə və zabitinə, öz ordusuna güvənir, ordu da ona inanır. Ona görə də Azərbaycan hazırkı dövrdə yeni bir mərhələyə qədəm qoyub və hesab edirəm ki, bizim həmin bölgələrdə möhkəmlənməyimiz ermənilərin Ağdərə və digər bölgələrdə mövqelərini daha kəskin itirməsi ilə sonuclanmış olacaq”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər