Müsavatı tərk edən Tural Abbaslının qardaşı Toğrul Abbaslı da partiyadan istefa verib.
Teleqraf.com-un məlumatına görə, Toğrul Abbaslı ilə yanaşı Vüsal Qurbanlı, Samirə Həşimi, Vüsalə Əlizadə, Araz Teymurlu, Ayaz Teymurlu, Azad Ələsgərov və Tural Məmmədov Müsavatdan ayrıldığını bəyan ediblər.
Bir vaxtlar Müsavat Gənclər Təşkilatının aktiv üzvləri olmuş gənclər Tural Abbaslının Müsavatdan istefasından sonra partiya ilə yollarını ayırmağa başlayıblar. Onlar Tural Abbaslının həmtəsisçisi olduğu “Ağ blok”da fəaliyyətlərini davam etdirəcəklərini dilə gətiriblər.
Sözügedən şəxslər partiyadan ayrılmalarının səbəbini Müsavatın sonuncu qurultayından sonra partiyada yaranan vəziyyətlə əlaqələndirirlər.
Qeyd edək ki, mayın 29-na “Ağ blok”un qurultayının keçirilməsi nəzərdə tutulub. Yaxın günlərdə daha bir neçə müsavatçı gəncin istefa verərək partiyaya çevrilən “Ağ blok”un qurultayına qatılacağı gözlənilir.
Nərgiz