Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində "Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri" adlı plenar sessiyada məruzə ilə çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov çıxışında ölkəmizin beynəlxalq və regional təhlükəsizliyin təmin olunmasında rolu, ekstremizm və terrorizmə qarşı mübarizədə verdiyi töhfə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələrinə dair geniş məlumat verib.
Müasir dünyada baş verən dramatik dəyişikliklər nəticəsində dünya ölkələrinin üzləşdiyi hərbi təcavüz və qanunsuz işğal kimi ənənəvi təhdidlərlə yanaşı kiberterrorizm, kütləvi miqrasiya kimi qeyri-ənənəvi problemlərin beynəlxalq və regional təhlükəsizlik arasında sərhədləri aradan qaldırdığını qeyd edən nazir Elmar Məmmədyarov bu problemlərlə effektiv mübarizə aparmaq yolları haqqında danışıb.
E.Məmmədyarov dünyada baş verən ədalətsizliklərin aradan qaldırılması məqsədilə gücün deyil, hüququn hökmranlıq etməsinin əsas olduğunu bildirərək, dünya birliyi tərəfindən beynəlxalq hüquqa tam əməl olunması üçün effektiv mexanizmlərin yaradılmasının əhəmiyyətini vurğulayıb. Bu xüsusda, Ermənistan tərəfindən iyirmi faizdən çox ərazilərimizin işğal olunması və ölkə əhalisinin hər doqquz nəfərdən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsi ilə bağlı ölkəmizin üzləşdiyi ən böyük ədalətsizlik haqqında danışaraq, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, işğal faktına son qoyulmadığını və ölkəmizə münasibətdə ədalətsizliyin hələ də davam etdiyini təəssüflə qeyd edib.
Nazir Elmar Məmmədyarov son dövrlər kütləvi xarakter alan miqrasiya böhranına toxunaraq, problemin müharibələr deyil, həmin ölkələrin üzləşdiyi iqtisadi çətinliklər səbəbindən qaynaqlandığını diqqətə çatdırıb. Miqrasiya böhranının səmərəli şəkildə həll olunması üçün davamlı inkişaf yolu ilə iqtisadi şərait və imkanların yaradılmasının vacibliyini bildirib.
Nazir həmçinin multikulturalizm ideyaları, onların təşviq olunmasının əhəmiyyətinə toxunaraq, ölkəmizin dünyada multikulturalizm və tolerantlıq nümunəsi olduğunu nəzərə çatdırıb.
Ekstremizm və terrorizmlə mübarizədə əməkdaşlıq haqqında danışan nazir E.Məmmədyarov beynəlxalq və regional təhlükəsizliklə bağlı təhdidləri dəf etmək üçün dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının ən vacib şərt olduğunu vurğulayıb.