24 May 2016 16:11
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 3-4-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayı ilə bağlı hazırlıq işləri yekunlaşıb, tədbirin qonaqlarının və nümayəndələrin siyahısı dəqiqləşdirilib.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək.


Qonaqların arasında xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edəcəklər.


Proqrama əsasən, qurultay iştirakçıları iyunun 2-də Fəxri xiyabanda Heydər Əliyevin abidə kompleksini, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcəklər.

Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimi iyunun 3-də Heydər Əliyev Mərkəzində baş tutacaq. Rəsmi açılışdan sonra qurultay işini panel iclaslarla davam etdirəcək.

İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkiliflərini səsləndirəcəklər. Dünya Azərbaycanlılarının IV Qurultayında priotitet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq.


Tədbir çərçivəsində diaspor nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü də planlaşdırılır. Görüşlərdə xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə ediləcək.


Qurultay işini iyunun 4-də yekunlaşdıracaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər