Bir neçə gündən sonra 1993-cü ildə Gəncədə Sürət Hüseynovun başlatdığı qiyamın növbəti ildönümü olacaq. Artıq sosial şəbəkələrdə Sürət Hüseynovun qiyamı ilə bağlı müxtəlif mövzularda fərqli şəxslərin fikirləri yer alır, bəzən hansısa köhnə məlumatları yeni informasiya kimi cəmiyyətə təqdim edirlər.
Bir neçə gün bundan öncə isə Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, eləcə də sabiq Müdafiə naziri Rəhim Qazıyev mərhum Əbülfəz Elçibəyin əleyhinə müəyyən fikirlər işlədiblər. Hazırda bu mövzu ətrafında diskussiyalar gedir. Çoxları Əbülfəz Elçibəyin və onun komandasının Gəncə qiyamının qarşısını ala bilməməsindən, AXC hakimiyyətinin zəif olmasından, adi idarəçilik problemləri yaşamasından bəhs edirlər.
Teleqraf.com 1993-cü ilin 4 iyununda Gəncədə baş verən qiyam, onu həyata keçirənlər, qiyamçı polkovnikə kimlərin dəstək verməsinə dair mərhum Əbülfəz Elçibəyin 1998-ci ildə mətbuata verdiyi müsahibədən bəzi məqamları təqdim edir.
Sözügedən müsahibədə mərhum prezident qeyd edib ki, 4 iyunda Gəncədə qiyam baş versə də, iyunun 13-də onun nəzarətində olan ordunun neytrallaşdırılması üçün cəhdlər edilib. O, hətta bu cəhdlərin kim tərəfindən olunduğunu da açıqlayıb: “Bu işdə üç nəfər – Rəsul Quliyev, Etibar Məmmədov və Rəhim Qazıyev xüsusi rol oynamışdı. Onlar Müdafiə Nazirliyinin bütün rəhbərliyini yığaraq tələb etmişdilər ki, bu işlərə qarışmamaq haqda qərar çıxarsınlar. Nəticədə mənə belə bir qərar göndərmişdilər ki, 4 iyun qiyamı siyasi məsələ olduğu üçün ordunun ona qarışması mümkün deyil. Mən yenidən Müdafiə Nazirliyinə zəng edib dedim ki, bu, birbaşa orduda baş vermiş qiyamdır. Və onun yatırılması üçün Müdafiə Nazirliyi ilə Baş Qərargah rəisi məsuliyyət daşıyırlar. Bununla belə, Müdafiə Nazirliyi öz funksiyasını yerinə yetirmədi və Surət Hüseynovun dəstəsi şəhərə daxil oldu”.
Əbülfəz Elçibəy müsahibəsində daha sonra qeyd edib ki, iyunun 17-də Rəsul Quliyev və Etibar Məmmədov onun qəbulunda olub və Rövşən Cavadovun daxili işlər naziri olması təklifi ilə çıxış ediblər: “Onlar belə təkliflə çıxış etdilər. Etibar Məmmədovla Rəsul Quliyev mənə dedilər ki, onların daxili işlər naziri postuna namizədləri var. Mən Rövşən Cavadovun qiyamçılarla əlaqədə olduğunu deyəndən sonra öz namizədimi nazir təyin edəcəyimi bildirdim. Sonra onlar mənə dedilər ki, bu məsələni sabah bir də müzakirə edərik. Mən anladım ki, onlar mənimlə razılaşmaq niyyətində deyillər. Və artıq sabah başqa cür müzakirə ola bilər. Sabah məsələyə bir də qayıdılması o deməkdi ki, yeni müzakirəyə qədər hansısa zorakı hadisələr baş verəcək və Rövşən Cavadov hökmən daxili işlər naziri təyin ediləcək. Mən görürdüm ki, qiyamda iştirak edənlərin hamısı hakimiyyəti bölüşür. Etibar Məmmədova dedim ki, qiyamçılara qarşı mübarizə aparmaq istəyirsənsə, səni baş nazir təyin edim. O dedi ki, üç günlük nazir olmaq istəmir. Yəni, Surət Hüseynov bununla razı olmayacaq. Görünür, Etibar Məmmədov təsadüflərə arxalanırdı ki, birdən hadisələrin axarı dəyişə bilər”.
Mərhum Əbülfəz Elçibəy Nemət Pənahlının 4 iyun qiyamı zamanı oynadığı roldan da danışıb: “O, Gəncədə oturub, Bakıdan qiyama dəstək verən adamlarla əlaqə yaradırdı. Nemət Pənahlı qiyamın ən fəal iştirakçılarından olub”.
Eks-prezident sonda Pənah Hüseynin baş nazir postundan istefa verməsi barədə danışarkən bildirib ki, bu şəxsin istefa verməsi ilə bağlı öncədən hər hansı bir ideya olmayıb: “Sadəcə, Pənah Hüseynov dedi ki, “biz uduzmuşuq, mən özümü bu məsələdə uduzmuş sayıram və istefa verirəm”.
Cabbar