26 May 2016 19:13
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyanın paytaxtı Lyublyanada 28 May - Respublika Günü və Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Tədbirdə Sloveniyanın dövlət və hökumət rəsmiləri, Lyublyana şəhər meriyasının təmsilçiləri, Sloveniya və Azərbaycan parlamentlərinin üzvləri, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ölkədə akkreditə olunmuş diplomatik korpusun, eləcə də işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın və Sloveniyanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov çıxış edərək ölkəmizin ötən əsrin əvvəllərində müstəqillik uğrunda mübarizəsindən, eləcə də 1991-ci ildə müstəqilliyinin bərpasından sonra respublikamızda gedən proseslərdən və əldə olunan uğurlardan danışıb. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyi təhlükə altında olan gənc Azərbaycan dövləti qısa müddətdə regionun aparıcı dövlətinə çevrildi. Bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial-iqtisadi tərəqqinin yeni mərhələsindədir.

Səfir bildirib ki, bu gün hər iki ölkə arasında münasibətlər üçün önəmli gündür. Belə ki, 25 il öncə Sloveniya Azərbaycanın dövlət müstəqilliyini tanıyıb, 20 il əvvəl isə müstəqilliyini yeni elan etmiş iki gənc dövlət arasında diplomatik münasibətlərin təməli qoyulub. Q.İsrafilov bu qısa dövr ərzində bir sıra uğurlara imza atıldığını, ölkə rəhbərlərinin qarşılıqlı səfərlərin həm siyasi, həm də iqtisadi və digər sahələrdə münasibətlərin inkişafına xüsusi təkan verdiyini bildirib. Azərbaycan və sloven xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin timsalında iki xalq arasında səmimi dostluq bağlarının daha da möhkəmləndiyi diqqətə çatdırılıb. Diplomat deyib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin Lyublyananın mərkəzi parklarından birində ucaldılan abidəsi paytaxt sakinlərinin mədəniyyətimizə və ədəbiyyatımıza maraqlarını artıracaq.

Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervar çıxışında Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib. O, iki ölkə arasında diplomatik münasibətlərin yaşının 20 il olmasına baxmayaraq, bu əlaqələrin bütün sahələr üzrə yüksələn templə inkişafından məmnun olduğunu bildirib. Bu il yaradılan Azərbaycan-Sloveniya Ticarət Palatasının nəinki iqtisadi, eləcə də mədəni-humanitar sahələrdə də əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Sonra Ukraynada fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq Artisti Qurban Abbasovun başçılıq etdiyi musiqi qrupu Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini, milli rəqslərimizi və digər ölkələrin rəqslərini ifa edib.

Sonra ziyafət verilib, iki ölkə arasında diplomatik münasibətlərin qurulması münasibətilə yubiley tortu kəsilib.


Müəllif:

Oxşar xəbərlər