Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat Qrupunun iclası keçirilib.
Teleqraf.com-un məlumatına görə, iclası açan MSK-nın üzvü Fuad Cavadov bildirib ki, qrupun əsas vəzifəsi mətbuatla iş aparmaq, xüsusən, təşviqat prosesi zamanı meydana gələn bu və ya digər problemlərin həllidir: “MSK aprelin 15-də formalaşandan sonra ilk iclasların birində Mətbuat Qrupu formalaşdı. Qrupun formalaşma prinsipini yəqin ki, bilirsiniz. Üç nəfər MSK üzvü və MSK-nın mətbuat katibi, qalanları isə mətbuat qurumlarının nümayəndələri olur. Bu gün hamı olmasa da, 19 nəfər iclasda iştirak edir. Kvorum var və iclas səlahiyyətlidir”.
F.Cavadov bildirib ki, Mətbuat Qrupu MSK-nın səlahiyyət müddətinə seçilir. Yəni, Mətbuat Qrupuna müəyyən mənada daimi fəaliyyət göstərən qurum kimi də yanaşmaq olar: “Amma seçkilərin təşviqat dövründə daha intensiv fəaliyyət göstərir. Bildiyiniz kimi bir dairədə – 90 saylı dairədə artıq təşviqat prosesi başlayıb, seçki günü yaxınlaşır. Təşviqat prosesində meydana gələn problemlər, anlaşılmazlıqlar, namizədlərin bir-biri ilə münasibətlərindəki gərginliyin mətbuatla bağlı hissəsi bizim qrupda araşdırılacaq”.
Daha sonra F.Cavadov Mətbuat Qrupuna sədrin MSK üzvləri arasından seçilməli olduğunu bildirib: “Biz üç nəfərik. Öz aramızda bu qərar gəlmişik ki, MSK üzvü Qabil Orucovun namizədliyini sizin müzakirənizə təqdim edək”.
Başqa namizəd irəli sürülməyib və Q.Orucovun namizədliyi yekdilliklə qəbul olunub. F.Cavadov qərarın MSK-nın müzakirəsinə təqdim olunacağını vurğulayıb.
Q.Orucov çıxış edərək ona çox böyük etimad göstərildiyini söyləyib: “Çalışacam ki, bu etimadı doğruldum. Bilirsiniz ki, Mətbuat Qrupu Seçki Məcəlləsinin tələbinə əsasən yaradılır. Biz əsas etibarilə seçkiqabağı təşviqat prosesində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayətlər və həmçinin KİV-də seçkiqabağı təşviqatla bağlı proseslərə nəzarət edən bir qurumuq. Hələlik 90 saylı dairə üzrə Milli Məclisə təyin olunan təkrar seçkilərdə belə bir hal baş verməyib.
Elə bir məlumat və ya şikayət Mətbuat Qrupuna daxil olmayıb. Amma hesab edirəm ki, əgər belə bir hal baş verərsə, biz əvvəlki qaydada toplaşacağıq və buna seçki qanunvericiliyinin və müvafiq təlimatın tələbinə uyğun olaraq öz reaksiyamızı bildirəcəyik. Bundan sonra MSK bu məsələyə hüquqi qiymət verəcək. Hesab edirəm ki, bizim qarşılıqlı əlaqələrimiz işimizin yüksək səviyyədə və qanunvericiliyin tələbləri səviyyəsində qurulmasına böyük yardımçı olacaq”.
Qeyd edək ki, indiyədək qrupa Vəkillər Kollegiyasının sədri, MSK üzvü Azər Tağıyev rəhbərlik edib.
Səxavət HƏMİD