Sülhəddin Əkbər: “Türkiyəni sinirləndirib səhv etməyə təhrik edirlər”
Sərdar Cəlaloğlu: “İstəyirlər ki, türklər könüllü şəkildə Almaniyanı tərk etsinlər”
Almaniya Bundestaqının qondarma “erməni soyqırımı”nı tanıması qərarını Azərbaycan müxalifətinin təmsilçiləri şərh edib. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Teleqraf.com-a açıqlamasında deyib ki, belə bir qanunun qəbul ediləcəyi gözlənilən idi: “Çünki alman Bundestaqında partiyalararası razılaşma var idi. Bu qərar Türkiyə-Almaniya, dolayısı ilə Türkiyə-Avropa Birliyi münasibətlərinə müəyyən təsir göstərəcək. Bu təsir özünü xüsusən də, siyasi, diplomatik sferada əks etdirəcək. Amma Türkiyə ilə Almaniya münasibətlərində köklü dəyişiklik olmayacaq.
Türkiyə nəzərə alır ki, Almaniya Avropa Birliyinin aparıcı ölkəsi, lokomotividir. Orada 3 milyon yarım türk kökənli Almaniya vətəndaşı, ümumilikdə 5 milyondan artıq türk yaşayır. Türkiyənin iqtisadi cəhətdən ən böyük bağlı olduğu ölkə də məhz Almaniyadır. Ona görə də həm daxildə, həm regionda, həm də Rusiya ilə gərgin münasibətlər yaşadığı zamanda Türkiyənin ciddi və dərin addımlar atacağını düşünmürəm. Düzdür, Türkiyə siyasi və diplomatik sahədə hərəkətə keçəcək, səfiri geri çağırıb bəyanatlar verəcək və ya Türkiyə Böyük Millət Məclisi hansısa sənəd qəbul edəcək. Ancaq bundan uzağa gedən addımlar atacağını düşünmürəm”.
Onun fikrincə, belə bir situasiyanın yaranması Almaniyanın daxili siyasi vəziyyəti ilə bağlıdır: “Miqrant axını Avropa Birliyi, xüsusən, Almaniyada artandan sonra Angela Merkel hökumətinə qarşı ictimai rəydə münasibət dəyişdi və Merkelin partiyası ciddi zərbə aldı. İkincisi, Almaniyada müsəlman və türk əleyhdarı qüvvələr, xüsusilə ultrasağ qüvvələr aktivləşib. Üçüncü səbəb isə Türkiyənin Avropa Birliyi ilə münasibətlərində irəliləyişləri istəməyən Avropadakı güclü mərkəzlər və qüvvələrin fəallaşması ilə bağlıdır. Bundan başqa Avropa Birliyi ilə Türkiyə arasında viza rejiminin ləğvi məsələsi gündəmdədir. Mənə elə gəlir ki, Avropa Birliyi bu münasibətlərin pozulması üçün bir bəhanə axtarır və düşünür ki, bəhanəni qoy Türkiyə özü versin. Türkiyəni sinirləndirib səhv etməyə təhrik edir. Avropa Birliyi istəyir ki, Türkiyə elə səhv etsin ki, səbəbkar Avropa Birliyi yox, Türkiyə olsun. Türkiyənin viza rejimini aradan qaldırması Avropada xristian-mühafizəkar dairələri çox qıcıqlandırır”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, sözügedən qərar pislənməyə layiq bir qərardır. Onun fikrincə, xalqlar arasında düşmənçiliyə hüquqi don geydirib çağdaş dünyada gündəmə gətirmək xoş niyyətdən xəbər vermir: “Almanlar özləri II Dünya müharibəsində yəhudiləri soyqırıma məruz qoyub. Bunu təsdiq edən milyonlarla fakt var. Amma türklərin erməniləri soyqırıma məruz qoyması haqda bir dənə də olsun fakt yoxdur. Ermənilər son 20 il ərzində azərbaycanlılara qarşı Xocalıda soyqırımı törədib. Eləcə də 1918-20-ci illərdə 31 mart qırğını olub.
Doğrudan da, söhbət dünyada soyqırımı tanımaqdan gedirsə, gərək Almaniya Bundestaqı Xocalı və mart qırğınlarını, yəni ermənilərin türklərə qarşı soyqırımını paralel olaraq tanıyardı. Fakt onu göstərir ki, söhbət soyqırımı hadisəsindən yox, türk dövlətinə və xalqına olan təzyiqdən gedir. Almanlar bu qərarın icrası ilə bağlı Almaniyada yaşayan türklərə qarşı istədikləri vaxt hansısa sanksiya tətbiq edə bilər. Vaxtilə Fransada bu qərar qəbul ediləndə onu tanımayanlara qarşı cinayət işi açılacağı məsələsi təsdiq edildi. Belə çıxır ki, Almaniya vətəndaşı olan türklər Bundestaqın qərarını qəbul etməyəcəklərsə, onda onların hamısı ya həbs olunmalı, ya da Almaniyanı tərk eləməlidir.
Bu qərarın uzağa gedən nəticələrindən biri də Almaniya vətəndaşı olan türklərin oradan çıxarılmasına zəmin hazırlamaqdır ki, könüllü şəkildə Almaniyanı tərk etsinlər. Bu qərarı qətiyyətlə pisləyirəm. Bunu Almaniyanın bir xristian təəssübkeşliyinin əlaməti kimi qiymətləndirirəm. Belə bir məşhur deyim var, cəhənnəm gedən özünə yoldaş axtarır. Almanlar dünyada yeganə xalqdır ki, özləri də yəhudi soyqırımını etiraf ediblər. Onsuz da Türkiyə etiraf etməyənədək bu qərarın heç bir hüquqi nəticəsi olmayacaq. Türkiyə də birmənalı şəkildə etmədiyi soyqırımı etiraf etməz. Həm də dünyada soyqırımı törədən tək xalq olmamaq üçün almanlar belə qərarı qəbul etdi”.
Nərgiz