7 İyun 2016 10:51
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sivil dünyada hakimiyyət seçki yolu formalaşdırılmalıdır. Buna görə də siyasi partiyaların rolu çox önəmlidir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Siyasi partiyaların maliyyələşdirilməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, siyasi partiyaların fəaliyyəti ciddi əhəmiyyət kəsb edir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra siyasi partiyalar yarandı. Bu, təbiidir. Hazırda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Təbii ki, səviyyə baxımından hamısı eyni deyil. Burada qəbahət yoxdur. Partiyalarla qarşılıqlı təmasda olan dövlət qurumlardan MSK ön sıradır”.

Onun sözlərinə görə, siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır: “Hakimiyyət uğrunda mübarizədə bu, önəmli məsələdir. Bəzi məsələlərdə xalqın marağından çıxış etmək lazımdır, xalqın prinsipləri əsasında fəaliyyət göstərmək lazımdır. Bu, ona görədir ki, xarici qüvvələr ölkə daxilindəki proseslərə təsir göstərə bilməsinlər”.

****

Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə Avropa Şurası/Avropa İttifaqının “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində “Siyasi partiyaların maliyyələşməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi” mövzusunda seminar öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, iyunun 7-də Bakıda “Hilton” hotelində keçirilən tədbirin açılışında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard iştirak edirlər.

Seminar siyasi partiyaların maliyyələşməsində şəffaflığın artırılması üçün mühüm əhəmiyyət kəsb edən maliyyə hesabatları ilə bağlı fəaliyyətin daha da təkmilləşdirilməsinə və bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələrin səmərəliliyinin artırılmasına hədəflənib.

Tədbirin gündəliyinə uyğun olaraq, təşkilatçı qurumların rəhbərlərinin açılış nitqlərindən sonra seminar Mərkəzi Seçki Komissiyasının təmsilçisi və Avropa Şurasından olan beynəlxalq ekspert tərəfindən “Siyasi partiyaların maliyyə fəaliyyətinin aşkarlığının təmin edilməsində hesabatların rolu və bu məsələnin milli qanunvericilikdə həlli yolları”, “Şəffaflıq: maliyyə mənbələrinin açıqlanması, xərclər, üçüncü tərəflər”, “Qanunvericiliyin tətbiqinin monitorinqi: nəzarətdə ən yaxşı təcrübələr”, “Seçkilərdə iştirak edən siyasi partiyaların maliyyə hesabatlılığına dair tələblər” və “Sanksiyalar: növləri, prosedurlar və tətbiqi” mövzularında çıxış və təqdimatlarla davam edəcək.

Mərkəzi Seçki Komissiyasının üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və MSK nəzdində nəzarət-təftiş xidmətinin üzvləri ilə yanaşı, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Auditorlar Palatasının rəsmiləri, beynəlxalq ekspertlər, dövlət qeydiyyatından keçmiş siyasi partiyaların rəhbərləri və təmsilçiləri, siyasi partiyaların illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı MSK Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də qatıldığı tədbirdə siyasi partiyaların maliyyə hesabatları ilə bağlı bir çox aktual mövzular ətrafında müzakirələr aparılacaq, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətiriləcək.


Müəllif:

Oxşar xəbərlər