Litva Respublikasının vətəndaşı, Litvanın Jurnalistlər İttifaqının sədr müavini, “Alkas” internet portalının redaktoru Audrys Antanaitis Azərbaycanın Litvadakı səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məktubunda A.Antanaitis bu mayın 7-10-da operator Arunas Sartanaviçyusla birlikdə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilərəkdən qeyri-qanuni səfər etdiyini və səfər barədə Azərbaycan tərəfini öncədən məlumatlandırmadığını etiraf edərək, səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.
İşğal olunmuş ərazilərimizə dair hazırladıqları reportajların birtərəfli olması ilə əlaqədar təəssüfünü bildirən A.Antanaitis, ölkəmiz və münaqişə haqqında daha doğru və obyektiv məlumatların Litva ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edib.
A.Antanaitisin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Səxavət