İyunun 22-də futbol üzrə XV Avropa çempionatının “F” qrupunda mübarizəyə yekun vurulub. “Avro-2016”nın on üçüncü günündə bu qrupda iki qarşılaşma keçirilib.
Lion şəhər stadionunda Macarıstan və Portuqaliya milli komandaları qarşılaşıb. Qrupun digər oyununda isə İslandiya və Avstriya yığmaları Sen–Deni şəhərinin “Stad de Frans” stadionunda üz-üzə gəlib.
Portuqaliya-Macarıstan görüşünün 19-cu dəqiqəsində macarıstanlı hücumçu Zoltan Qera hesabı açıb - 1:0.
İyirmi iki dəqiqə sonra portuqaliyalı futbolçu Luiş Nani hesabı bərabərləşdirib – 1:1.
Oyunun 47-ci dəqiqəsində Balaş Cucak cərimə zərbəsi ilə hesab arasındakı fərqi artırıb - 2:1.
Üç dəqiqə sonra Kriştiano Ronaldo hesabı yenidən bərabərləşdirib - 2:2.
55-ci dəqiqədə Balaş Cucak dubla imza ataraq yenidən Macarıstanı irəli çıxarıb – 3:2.
Görüşün 62-ci dəqiqəsində Kriştiano Ronaldo başla zərbə ilə rəqibi oyuna yenidən mərkəzdən başlamağa məcbur edib - 3:3.
Beləliklə, oyun bu hesabla başa çatıb.
Paralel keçən digər oyun Avstriya komandasının üstünlüyü şəraitində keçib. Rəqibini əks hücumda yaxalayan
İslandiya görüşün 18-ci dəqiqəsində İon Dadi Bodvarssonun qolu ilə hesabı açıb.
Oyunun 37-ci dəqiqəsində İslandiyanın qapısına penalti zərbəsi təyin olunub. Avstriyalı Aleksandr Draqoviç bu fürsəti əldən verib.
Fasilədən sonra təzyiqi daha da artıran və rəqibin qapısı qarşısında çoxsaylı qol vəziyyətləri yaradan avstriyalı futbolçular oyunun 60-cı dəqiqəsində hesabı bərabərləşdiriblər. Alessandro Şöpf fərqlənib - 1:1.
Oyuna əlavə edilən vaxtın 4-cü dəqiqəsində Arnor Traustason hesab arasındakı fərqi artıraraq İslandiyanın qələbəsini rəsmiləşdirib - 2:1.
Bununla da “F” qrupunda səkkizdəbir finala yüksələn komandalar məlum olub.
Üç oyundan sonra hesabında 5 xalı olan Macarıstan millisi top nisbətinə görə qrupu birinci sırada başa vurub. Aktivində 5 xal olan İslandiya yığması qrupda ikinci, 3 xal toplayan Portuqaliya komandası isə üçüncü yeri tutub.
Üç oyunda cəmi bir heç-heçə edən Avstriya millisi isə 1 xalla qrupu sonuncu sırada başa vuraraq Avropa çempionatında mübarizəni dayandırıb.
Beləliklə, Macarıstan və İslandiya yığması səkkizdəbir finala birbaşa vəsiqə əldə edib.
Bu gün, həmçinin “E” qrupunda İtaliya – İrlandiya və İsveç - Belçika görüşləri keçiriləcək. Hər iki qarşılaşma saat 23:00-da başlayacaq.
Qeyd edək ki, “D” qrupunda yer alan və son matçında qələbə qazanan Türkiyə komandasının ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə yüksəlməsi bu oyunların nəticələrindən asılıdır.