“Uşaqlar əjdaha kimi vuruşdular. Heç mənim meydanda olmamağımı hiss etdirmədilər. Sevinirəm ki, Çexiya səfərindən xalla dönməyi bacardıq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov deyib.
DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan millimiz 0:0 hesablı bərabərliyə razılaşıb.
Zədə səbəbindən matçda iştirak edə bilməyən kapitan oyun başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Meydana çıxmaq istəmirdin?
- Partlayırdım e! Ürəyim partlayırdı. Lakin həkim dedi ki, zədə şiddətlənə bilər.
- Buna baxmayaraq, 2-ci hissədə isinmə hərəkətləri edirdin...
- Bu, yalnız fövqəladə halda baş tutacaqdı. Ancaq şükürlər olsun ki, uşaqlar mənsiz də qoyulan vəzifəni əla yerinə yetirdilər.
- Zədən nə dərəcə şiddətlidi? Avropa Liqası matçına çıxa biləcəksən?
- İndi bu suala cavab verə bilmərəm. Məni yox, qəhrəmanları danışdırın, qəhrəmanları. (apasport.az)