"Vacib qələbə oldu. Bu oyunun mahiyyətini hər kəs başa düşürdü və hamı meydanda sona qədər mübarizə apardı. Futbolçuların hər birinə sağ ol deyirəm ki, azarkeşlərə qələbə bəxş etdilər. PAOK son üç oyunda məğlub olmurdu. Vacib olan isə statistika yox, qələbə idi. Cavab oyunundan çox şey asılı olacaq".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Avropa Liqasının III turunun "J" qrupunda Yunanıstanın PAOK klubu ilə Bakıda baş tutmuş görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb:
- İkinci hissədə oyun daha yaxşı alındı. Fasilədə hansı tapşırıqlar oldu?
- Burada deyə bilmərəm. Ancaq gedişatda kiçik dəyişiklik etdik. Hər bir komanda ilk hissədə istənilən rəqibə qarşı oyun qura bilir. Rəqib futbolçular bizim oyunçulara çox yaxın oynayırdılar. Qol imkanları oldu. İkinci hissədə rəqib hücumların sayını artırdı. Biz isə boşluqlardan yararlanmağa çalışdıq. Əsas oyun üslubumuzu qoruya bildik. Səhvlərimiz oldu. Amma daha sonra topu ələ keçirə bilirdik.
- Meydanda gözlədiyiniz PAOK-u gördünüz?
- 4-5 gün əvvəl Yunanıstanda rəqibin oyununu canlı izləmişdim. Tam düşündüyüm komanda idi. Sadəcə bir neçə rəqib oyunçunu kənarlaşdırmağa çalışırdıq və futbolçular bunun öhdəsindən gəldi.
- Ehtiyat oyunçular skamyasında nominal mərkəz müdafiəçisi yox idi. Bu riskli addım deyildi?
- Risk həmişə var. Futbolçu sayı nə qədər çox olsa, dəyişiklik o qədər asan olur. İki variant var idi. Maksim mərkəz müdafiəçisi mövqeyində və Qara Qarayev. Ancaq ehtiyac olmadı. Narahat olmadan tam sərbəst bu heyətə güvənmişdim.
- Reynaldo zədəli olmasa idi, Ndlovu şansını ehtiyat oyunçular skamyasında gözləyəcəkdi?- Fikir bildirə bilmərəm. Çünki kim daha yaxşı hazır idisə, onu oyuna buraxmalı idik. Dino öz üzərində daha çox çalışır və bu gün əsas heyətdə oynamağa haqq qazanır.
- Bundan sonrakı oyunlar qrup sıralamasında hansı dəyişikliklər yaradacaq?
- Xal fərqi göz qabağındadır. Ümumilikdə üstünlük PAOK-dadır. Çünki onlar iki oyunu evdə, biz isə səfərdə oynayacağıq. Amma lazımı nəticəni əldə etməyə çalışacağıq.
- Salonikidə olmağınız PAOK-a məlum idi?
- Gəlməyimlə bağlı klub rəhbərliyinin xəbəri vardı. Məni çox yaxşı qarşılamışdılar. Onlara təşəkkürümü bildirirəm. Burada oyunumuz vardı, həmin oyunun axşamı yola çıxdım.
- Sizə elə gəlmir ki, Mahir Mədətov böyük oyunlar üçün deyil..
- Kənardan necə göründüyünü bilmirəm, amma mən Mahirdən razı qaldım. Düzdür, təcrübə çatmır. Desəm ki, idealdır, düz olmaz. Düşünürəm ki, bu gün verilən tapşırığı yerinə yetirə bildi.