“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva bu gün Türkiyə superliqasında növbəti oyuna çıxıb.
Braziliyalı futbolçunun yeni komandası “Adanaspor” öz meydanında “Konyaspor”u qəbul edib və 0:1 hesabı ilə uduzub. Reynaldo 79-cu dəqiqədə Cem Özdemiri əvəz edərək meydana daxil olub.
Qeyd edək ki, bugünkü məğlubiyyətdən sonra “Adanaspor”un turnir cədvəlindəki mövqeyini daha da pisləşdirib. Hazırda Reynaldonun komandası 18 klub arasında 17-ci yerdə gedir. Türkiyə superliqasının əsasnaməsinə görə, son 3 pilləni tutan komanda birinci liqaya düşür.
Görünür, elə buna görədir ki, bugünkü qarşılaşmadan sonra azarkeşlər komandanın oyununa etirazlarını bildirib, 83-cü dəqiqədə oturacaqları sökərək meydana atıb. Bu gərginlik səbəbindən hakim oyunu dayandırmaq məcburiyyətində qalıb. 15 dəqiqəlik fasilədən sonra oyun bərpa edilib.
/Qol.az/