Qadın voleybolçulardan ibarət Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına, dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələlərinə hazırlaşmaq üçün Sloveniyada təlim-məşq toplanışındadır.
Teleqraf.com xəbər verir ki, məşqçilər korpusunun qərarına əsasən, yığmanın 12 oyunçusu Maribora aparılan əsas heyətə daxil edilib.
Mayın 2-dək keçiriləcək hazırlıqda Faiq Qarayevin rəhbərliyi ilə milli komandanın əsas üzvləri - Valeriya Məmmədova, Aynur Kərimova, Yelizaveta Səmədova, Marqarita Əzizova, Kristina Yaqubova, Anastasiya Qurbanova, Anastasiya Şaş, Yekaterina Jidkova, Ayşən Abduləzimova, Oksana Kiselyova, Olena Həsənova və Ceyran Əliyeva iştirak edir. Komandamız bir neçə hazırlıq görüşü keçirməyi planlaşdırır.
Bakıya qayıtdıqdan sonra yığma komandamız mayın 4-də paytaxtımıza gələcək Belarus millisi ilə iki yoldaşlıq matçına çıxacaq. "Bakı-2017"in iştirak ərizəsinə düşəcək qadın voleybolçuların adları bu yoldaşlıq görüşlərindən sonra məlum olacaq.
Millinin ehtiyat qüvvəsi olan Yana Əzimova, Anita Bredis, Yuliya Kərimova, Kseniya Pavlenko, Anastasiya Bessonova, Anastasiya Baydyuk, Leyla Parşkova, Nelli Salbişvili, Leysan Lyovkina, Nərminə Musayeva, Yuliya Pşeniçnıx, Yelena Yakımçuk və Ülkər Kərimovadan ibarət gənclər komandası isə Qubada təlim-məşq toplanışındadır. Onlar məşqlərini türkiyəli mütəxəssis Adnan Kistakın rəhbərliyi ilə keçirlər.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi yeddi hakim təmsil edəcək.