Abşeronda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elxan Nağıyevin barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, 2016-cı ilin avqustun 5-də Elxan Nağıyev Şəmsəddin Piriyevə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən “Üç ulduz” yeməkxanasına gəlib və orada təmir işləri aparan Əli Yusifovdan istəyib.
Əli Yusifov isə yeməkxananın təmirə dayandığı üçün pivənin verilmədiyini ona kobud formada deyib. Sonra hər iki şəxs arasında mübahisə yaranıb.
Elxan Nağıyev onun sifət nahiyəsinə bir yumruq vurub. Yerə yıxılan Əli Yusifovun başı yeməkxananın bayır tərəfində divara vurulmuş aqlay daşlarından birinin tininə dəyib və xəsarətlər alıb.
Hadisədən sonra Elxan Nağıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Nağıyev 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilib, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsinə tövsif edilərək, müvəkkilinin barəsində həmin maddə ilə cəza təyin edilməsini xahiş edib.
Müdafiəçinin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Elxan Nağıyevin cəzası 2 ilə endirilib.