Bir qayda olaraq oyunçuların transfer dəyəri ilə komandanın uğuru arasında əlaqə müzakirə mövzusu olub. Hesab olunub ki, maksimum nəticə üçün mütləq yaxşı oyunçular alınmalıdır. Yaxşı oyunçuların qiyməti isə bahadır. Nəticədə komandalar “bahalı komanda maksimum nəticə” prinsipini əldə rəhbər tutur. Ancaq bu prinsip həmişə işləmir.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.
Ekspert qeyd edib ki, yekunlaşan futbol üzrə dünya çempionatı Fransanın timsalında bu prinsipi doğrultsa da digər ölkələrin timsalında fərqli nəticələr göstərib:
“Belə ki, futbol üzrə dünya çempionatının ən bahalı komandası Fransa yığması olub. Transfermarkt portalı komandada təmsil olunan 23 oyunçunun dəyərini ümumilikdə 1,299 milyard dollar qiymətləndirib. Fransa yığması dünənki qələbəsi ilə “bahalı oyunçu maksimum nəticə” prinsipini doğruldub. Ancaq dünya ikinciliyini qazanan Xorvatiya yığmasının dəyəri 432,8 milyondur. Xorvatların komandası ən bahalı yığmalar arasında 10-cu yerdədir.
Bürünc medalın sahibi olan Belçika yığmasının dəyəri 906,5 milyon (6-cı yer), onun qalib gəldiyi İngiltərə yığmasının dəyəri 1,05 milyard (5-ci yer) dollar olub. Reytinqdə 4-cü ən bahalı komanda olan ($1,1 milyard) alman millisi isə qrup mərhələsindən çıxa bilməyib”.
Bundan başqa, Samir Əliyev əlavə edib ki, Braziliya (1,2 milyard), Argentina (840,4 milyon) və Portuqaliya (594,5 milyon) kimi ölkələrin yığmaları 1/8-i keçə bilməyiblər: “Dəyərinə görə Top-10-a düşən Uruqvay millisi (448,4 milyon) 1/4-ə qədər irəliləməyə nail olub.
Mundialda “ən ucuz komanda” olan Panama millisinin oyunçularının dəyəri 10,1 milyona bərabərdir. Komanda qrupda sonuncu yeri tutub. Düşünürəm ki, Azərbaycan millisinin oyunçu dəyəri bəlkə də 1 milyonu keçməz, ancaq ondan mundiala çıxmağı tələb edirik”.