İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu komandanın şam yeməyi zamanı ənənəvi olaraq təşkil olunan "klub futbolçularına ithaf" prosedurundan keçib.
Komanda ilə 4 illik müqavilə imzalamış 33 yaşlı futbolçu stulun üzərinə çıxaraq mahnı oxuyub.
Əksər klublarda yerinə yetirilən bu adəti kluba yeni transfer olunmuş Emre Can, Joau Kanselu və Leonardo Bonuççi də icra edib.
Portuqaliyalı futbolçu yay transfer pəncərəsində "Real"dan "Yuventus"a 112 milyon avroya transfer olunub. Onun komandada illik maaşı 30 milyon avro təşkil edəcək. Ronaldunun İtaliya çempionatının birinci turunda "Kyevo"ya qarşı keçiriləcək səfər matçında debüt edəcəyi gözlənilir. Matç avqustun 18-də baş tutacaq.