“Qarabağ” bu mövsümün sonuna kimi bütün ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirə bilər.
Teleqraf.com xəbər verir ki, buna komandanın öz stadionu olan “Azərsun Arena”nın meydançasında təmir ehtiyacının yaranması səbəb olub. Klubun mətbuat katibi Nurlan İbrahimov Qol.az-ın sorğusuna cavab olaraq bildirib:
“Hazırda “Azərsun Arena”nın yardımçı meydançası təmirə dayanıb. Komanda oyunlara əsas meydançada hazırlaşdığından oyunlarımızı Respublika stadionunda keçiririk. Qeyd edim ki, “Azərsun Arena”nın yaşıl örtüyü 5 il əvvəl salındığından əsas meydançada da yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. Meydançada təmir işləri aparılması ehtimalı yüksəkdir. Yaxın vaxtlarda ev oyunlarınızı Respublika stadionunda keçirəcəyik”.
Klub rəsmisi komandanın ümumiyyətlə, bu mövsümün sonuna kimi bütün rəqiblərini “Tofiq Bəhramov”da qəbul edəcəklərini istisna etməyib.