Fransanın "Marsel” klubunun hücumçusu Mario Balotelli "Barselona”nın hücumçusu Lionel Messinin oyununa heyranlığını ifadə edib və bu zaman "Yuventus”un ulduzu Kriştianu Ronaldoya da atmaca atmağı unutmayıb.
Teleqraf.com xəbər verir ki, "Barselona” UEFA Çempionlar Liqasının ikidə bir final mərhələsində "Liverpul” klubu ilə qarşılaşıb və öz meydanında güclü rəqibini 3:0 məğlub etməyi bacarıb. Hesab Suarezin qolu ulə açılsa da, Messi dubl etməklə fərqlənib və böyük ehtimalla cütün taleyini həll edib.
Balotelli öz sosial şəbəkə hesabında oyunla bağlı təəssüratını bölüşüb: "Messi fenomendir. Futbol xatirinə xahiş edirəm, onu "Yuventus”un 7 nömrəsi ilə müqayisə etməyin”.
Bir daha xatırladaq ki, "Yuventus”da 7 nömrə altında məhz Kriştianu Ronaldo çıxış edir. Dünya boyunca futbol azarkeşləri arasında hələ də "kim güclüdür” sualı mübahisə mövzusudur. Messi və Ronaldo arasında birincilik uğrunda qiyabi mübarizə gedir və hansının üstün olduğunu birmənalı olaraq müəyyən etmək hələ də mümkün olmayıb.
"Liverpul” və "Barselona” arasında cavab oyunu mayın 7-də İngiltərənin Liverpul şəhərində "Enfild” stadionunda keçiriləcək.