Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, yanvarın 14-də keçirilən ilk sınaq matçında Macarıstanın MTK klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” (0:3) bu dəfə Rusiya təmsilçisi “Çayka” ilə qarşılaşıb. Oyun “Titanik” meydançalarında keçirilib və “Qəbələ”nin üstünlüyü şəraitində keçib. Azərbaycan təmsilçisi rəqibinə böyük hesabla qalib gəlib.
Pesçanokopskoyeni təmsil edən “Çayka” klubunun əsası 1997-ci ildə qoyulub. 23 yaşlı klub Rusiya çempionatının 1-ci dəstəsində – Milli Futbol Liqasında mübarizə aparır. 25 oyunda 36 xal toplayan komanda cari mövsümün qış fasiləsinə 9-cu pillədə yollanıb.
“Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.
Yoxlama oyunu
18 yanvar
Qəbələ – Çayka (Rusiya) 3:0
Qol: İvitsa Juniç, 6. Rövlan Muradov, 35. Ülvi İsgəndərov, 51.
Antalya, “Titanik” meydançaları.
Qəbələ: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 19. Rövlan Muradov, 21. Fernan Lopez, 74. Yusif Nəbiyev, 77. Merab Giqauri.