Rayzin Döyüş Federasiyasının (Rizin FF) keçirdiyi MMA yarışının qalibi olan Tofiq Musayevdən sonra daha bir idmançımız bu turnirdə qüvvəsini sınayacaq.
Teleqraf.com xəbər verir ki, Vüqar Kərəmov da artıq Rizin FF-lə müqavilə bağlayıb.
O, bu gün Yaponiyanın Hamamatsu şəhərində “Rizin 21” döyüşündə debüt edəcək. Noyabrda “Bellator”da debüt edən və ordan qalib ayrılan Vüqarın bu turnirdəki rəqibi Kayl Aquondur. 66 kq çəki dərəcəsində baş tutacaq döyüş öncəsi Vüqar 17 görüş keçirib.
O, bunlardan 14-də qalib gəlib. Kərəmov ardıcıl 10 görüşdür ki, məğlub olmur. Vüqar Kərəmovun rəqibi də təcrübəli döyüşçüdür. Belə ki, 30 yaşlı Aquon indiyədək 21 döyüş keçirib. O bunlardan 12-də qalib gəlib, yeddi dəfə isə uduzub. Qeyd edək ki,“Rizin 21” turnirində beş kikboksinq döyüşü və bir ciu citsuya aid nümayiş görüşü baş tutacaq. Digər yeddi görüş isə MMA-ya aid olacaq.
Vüqar Kərəmovla Kayl Aquonun rinqdəki görüşü MMA üzrə ilk döyüş olacaq. Görüşlər Bakı vaxtı ilə təxminən saat 11:00-da başlayacaq.
/Oxu.az/