"Oyunun sonunda belə hal yaşanmasını istəməzdik. Məsələyə UEFA baxacaq. Nə qərar verəcək, bu, qurumun üzərinə düşür. Bu, heç bir komanda üçün xoş hal deyil. Amma ümumən biz idmançılarıq. Daha çox çalışmalı, öz işimizlə məşğul olmalıyıq".
Teleqraf.com-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda yaşananlar haqqında danışarkən deyib.
"Bəzən elə hallar olur ki, hamımız reaksiya veririk. Çünki kənardan tanımadığımız kimlərsə bu cür hərəkətlərə yol verirlər. Dəfələrlə bizə qarşı belə təxribatlar olub. Hər zaman öz mədəniyyətimizi göstərmişik. Çünki Azərbaycanı təmsil edirik. Maksimum səbrli olmalıyıq. Heç kimdən qorxmuruq, çəkinmirik. Sadəcə, özümüzü idman prinsiplərinə uyğun aparmağa çalışırıq. Dünya futbolunda belə hallar çox olub. Bəlkə də futbolun gözəlliyi və özəlliyidir. Amma hər bir halda heç kim istəməz ki, bunlar baş versin. Çünki nəticə heç də yaxşı olmur. Öz əxlaqımızı qoruyub saxlamağa çalışırıq. UEFA nümayəndəsi ilə danışdıq, o da davranışımıza görə bizə təşəkkür etdi. Azarkeşlər həddindən artıq aqressiv idilər, futbolçularımızıəa yad əşya atırdılar. Birinin başına, birinin qoluna dəydi"