"Araz Naxçıvan"ın hazırkı durumu Naxçıvan azarkeşlərini çox məyus edib.
Lakin indi verəcəyimiz xəbər onları sevindirəcək. Xeyr, "Araz Naxçıvan"ın Pemyer Liqadakı çıxışlarını davam etdirəcəyinə dair yeni xəbər yoxdu. Yeni xəbər başqadır.
Mətbuatda yayılan məlumata görə, Naxçıvanı təmsil edəcək yeni komanda yaradılıb. "Şərur" adlanacaq komanda gələn ildən I divizionda mübarizə aparmağı planlaşdırır. Kluba imkanlı naxçıvanlılar sponsorluq edəcək və "Araz Naxçıvan"dan fərqli olaraq, bu klubun daha yaxşı maliyyə imkanlarına malik olacağı gözlənilir. Komanda ilk ildəcə Premyer Liqaya vəsiqəni hədəfləyəcək. Ancaq onu da deyək ki, Naxçıvanı təmsil etsə də komanda Bakıda məskunlaşacaq.
Artıq bu komandaya kimin rəhbərlik edəcəyi də məlum olub. "Şərur"u Azərbaycanın tanınan məşqçilərindən olan Əfqan Talıbov çalışıdıracaq. Komanda artıq məşqlərə də başlayıb və gündə 1 dəfə olmaqla Tofiq Bəhramov adına Respublika stadionunun a süni örtüklü meydançada məşq edir. Məşqlər daha çox seleksiya xarakteri daşıyır və Talıbov qışa qədər seçim edəcək. Gələn ilin yanvar ayından etibarən isə yeni formalaşacaq heyətlə hazırlıqların əsas mərhələsinə başlanacaq.
PFL-dən məsələyə aydınlıq gətirməklərini istədik. Publika.az-a danışan PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev belə bir müraciət olunmadığını, bu barədə mətbuatdan məlumat aldıqlarını bildirdi:
“Biz bu barədə ancaq mətbuatdan oxumuşuq. Bizə belə bir klub rəsmi olaraq müraciət edilməyib”.