4 Avqust 2022 14:43
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şamaxı" futbol klubunun yeni loqosu ictimaiyyətə təqdim olunub.

Teleqraf.com xəbər verir ki, loqonun dizaynında Şamaxının vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olması, şərabçılıq və rəsədxanası ilə məşhurluğu da əksini tapıb.

"Şirvan" otelində keçirilmiş tədbirdə klubun İdarə Heyətinin sədri Elçin Usub rayona böyük futbolun qayıdışını gözəl hadisə adlandırıb.

O, qısa müddət ərzində Şamaxıda infrastruktur layihələrinin uğurla icra olunduğunu söyləyib: "Bu işdə AFFA-nın böyük dəstəyi oldu. Prezident İlham Əliyevin buraya gəlişi, görülən işlərlə yaxından tanış olması bizə böyük stimul oldu. Biz də rayon ictimaiyyəti olaraq ruh yüksəkliyi ilə Şamaxıda futbolun inkişafına dəstək göstərəcəyik”.

Usub "Şamaxı" klubunun təqdimatının gecikmə səbəbini də açıqlayıb: “Klubun strukturu yeniden təşkil olunub, ictimai birlik olaraq Ədliyyə Nazirliyindən qeydiyyat keçmişik. Bütün sənədləşmə işləri həllini tapandan sonra ictimaiyyət qarşısına çıxdıq”.

"Şamaxı" rəsmisi klubun gələcək planlarından danışıb: “Burada əsas istəyimiz perspektivli gənclərin üzə çıxması, Azərbaycan futboluna yeni məşqçiləri bəxş etməkdir. Eyni zamanda uşaq futboluna da diqqət ayırır, onların inkişafı üçün çalışırıq. Qarşıya hədəflər qoyulub, onun üzərində çalışırıq”.

Usub eyni zamanda problemlərdən danışıb: “Yeni klubdur, problemlər var, komanda yeni bazaya köç etdi. Amma çalışırıq ki, problemləri həll edək”.


Müəllif: Teleqraf.com