Amerika Birləşmiş Ştatlarında yaşayan həmyerlimiz Hüseyn Əliyev 14 avqust tarixində Hyuston şəhərində MMA idman növü üzrə çempionluq döyüşü keçirib. "Fury FC 67 - UFC Fight Pass" turnirində gecənin döyüşü və 65.7 kq çəki dərəcəsində çempionluq kəməri üzrə döyüşdə rəqibi üzərində tam nəzarət edərək qələbə qazanıb və çempion adına sahib olub.
Qalibiyyət nitqində Hüseyn Əliyev öz baş məşqçisi olan güney azərbaycanlı Nima Mazhari, "American Kickboxing Academy"-dən baş məşqçi Xavyer Mendez, Həbib Nurməhəmmədov və digər kamp yoldaşlarına və dəstəkçilərinə təşəkkür edib.
Nitqinin sonunda UFC prezidenti Dana Vayt və matç meyker Şon Şelbiyə müraciət edərək müqavilə göndərilməsinin vaxtı gəldiyini bildirib.
Bu döyüş Hüseyn Əliyevin "Fury FC - UFC Fight Pass" liqasında 3-cü döyüşü idi. Həmyerlimizin rəqibi bu liqanın artıq keçmiş çempionu və məşhur "Glory" Kickboxing turniri döyüşçüsü Neyt Riçardson idi.
Hüseyn Əliyev döyüşün 4-cü hissəsində rəqibini nokdauna göndərib, lakin döyüşü vaxtından öncə bitirmək alınmayıb. Son olaraq 5 raundun nəticəsinə görə çempionluq adını və turnirin kəmərini həmyerlimiz əldə edib.
Maraqlı bir cəhət odur ki, bu rəqib Hüsryn Əliyevin ardıcıl məğlub etdiyi 3-cü çempion idi. "FURY FC" liqasındakı ötən döyüşündə azərbaycanlı idmançı keçmiş "Combat Global" çempionu və "Ultimate Fighter" şousunda iştirak etmiş Andres Quintana üzərində qalib gəlmişdi. Turnirdəki ilk döyüşündə isə həmyerlimiz "Fury FC"-nin eyni çəkidə çempion olmuş Braziliya Cui-Citsu idman növü üzrə qara kəmər sahibi Kameron Qraves üzərində qələbə çalmışdı.
Son 3 döyüşündə 3 çempion üzərində qələbə çalaraq həmyerlimiz dünyaca məşhur və MMA idman növü üzrə nömrə 1 şirkəti olan UFC-yə çıxmaq şansını maksimallaşdırıb. Hüseyn Əliyevin daxil olduğu menecment şirkəti ən qısa zamanda UFC şirkəti ilə danışıqlara başlayacaq.
Hal-hazırda UFC şirkəti "Fury FC kimi UFC Fight Pass turnirlərindən ən yaxşı döyüşçüləri seçir. Bu turnirlərin qalibləri bir çox hallarda UFC turnirləri döyüşməyə dəvət olunurlar.