22 Avqust 2022 09:32
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın kapitanı Maksim Medvedev Çexiyada "Viktoriya" (Plzen) klubuna qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bildirib.

50 yaşlı mütəxəssis təcrübəli müdafiəçinin hələlik kollektivlə məşqlərə qatılmadığını və fərdi hazırlığa yeni başladığını söyləyib.

Qurban Qurbanov futbolçusu Toral Bayramovla Türkiyənin "Qalatasaray" klubunun maraqlandığına dair iddialara münasibət bildirib. O, 21 yaşlı müdafiəçiyə real təklifin olmadığını söyləyib:

"Sanki futbolçunun başını qarışdırmaq üçün bu cür şayiələr yayılır. Bu da məni narahat edir. Daha çox reklam xarakterli belə iddiaları kimlərin ortaya atdığını bilmirəm. Futbolçumuzun adı birdən-birə belə böyük klubla hallanır. Hamımız buna şad olarıq və sevinərik. Amma məncə, hər şeyə ciddi yanaşmaq lazımdır. Ciddi olduqda həm klub, həm də futbolçu düzgün qərar verə bilir və daha doğru düşünməyi bacarır. Belə şayiələr yalnız futbolçunun ziyanınadır. Ona ziyan verirsə, kluba da təsir edir".

Qurbanovun sözlərinə görə, bu cür xəbərlər futbolçunu yaxşı oyundan uzaqlaşdırır: "Ediləcək bir şey yoxdur. Dəfələrlə belə hallar baş verir. Öz təcrübəmə əsasən deyirəm ki, gənc oyunçularla bağlı bu cür xəbərlər çıxdıqda müəyyən müddət öz yaxşı formasından uzaq olurlar".

Xatırladaq ki, Doğan Xəbər Agentliyi "Qalatasaray"ın Toral Bayramovun meneceri ilə danışıqlara başladığını bildirib. 21 yaşlı sol cinah müdafiəçisi ilə Türkiyə Super Liqasından "Kayserispor" və I Liqadan "Eyüpspor"un da maraqlandığı da iddia olunur.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb. Maksim Medvedev İsveçrədə "Sürix"lə 1:1 hesablı heç-heçə etdikləri II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Müdafiəçi bu səbəbdən Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin matçlarını, həmçinin "Viktoriya" ilə ilk görüşü buraxıb.


Müəllif: Mənbə/Report