“Qrup mərhələsi öncəsi son oyunumuzdur. İlk oyundan sonra üstünlüyümüz var, amma çox ciddi olmalıyıq. Bu komandaya qarşı boşalmaq olmaz”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın “Olimpiya” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Məşqçi ən yaxşı oyunlarından birini keçirməyə çalışacaqlarını bildirib:
“Futbolçularımızı maksimum hazır etməyə çalışmışıq. Sabah yaxşı oyun göstərib, sərfəli nəticə əldə etmək istəyirik. Oyunçularıma güvənirəm. İstərdim, ən yaxşı oyunlarından birini keçirsinlər”.
51 yaşlı mütəxəssis hesabı qorumağı düşünmədiklərini deyib:
“Hesab bizi aldatmamalıdır. Rəqibin potensialı çox yaxşıdlr. Sabah bizdən çəkinməyəcəklər. Bunun qarşısını almalıyıq. Hesabı qorumağa çalışmayacağıq. Əksinə, biz daha aqressiv olmalıyıq. Rəqibin qol vurmaq bacarığı var. Sadəcə daha ciddi olmalıyıq. Rəqibin gücünü bilirik. Futbolçular da bunu anlayırlar”.
Q.Qurbanov komandadakı zədəli futbolçuların durumunda ən bəhs edib:
“Patrik Andrade və Bədavi Hüseynov ən tezi 10 gün sonra komanda ilə məşqlərə başlayacaqlar. Hər ikisində ciddi Zədələr var”.
Baş məşqçi transfer fəaliyyətinə davam etdiklərini detib:
“Transfer bazarında aktivik. Sadəcə, qarşı tərəflərdə passivlik var. Son günə kimi transfer etməyə çalışacağıq”.
Qurbanov sabah qapı xəttində kimə güvənəcəyini açıqlamayıb:
“Hələ heyəti tam müəyyənləşdirməmişəm. Sabah qərar verəcəyik”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyunda Azərbaycan çempionu qələbə qazanıb - 0:2.