24 Yanvar 2015 12:52
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ildi "Qarabağ"ın şərəfini qoruyan Reynaldonun klub qarşısında xidmətlərini hamımız yaxşı bilirik. O, meydanda olanda hücum xəttindən arxayın olan Ağdam klubunun məşqçilər korpusu onun yoxluğunda çox çətinlik çəkir.

Azərbaycan çempionatını demirik, amma avrokuboklarda bunu adi azarkeş də hiss edir. Cari mövsümdə Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Köhlən atlar” bizə xeyli həyəcanlı, xoş anlar yaşatdı. Təəssüf ki, ən həlledici məqamda braziliyalı futbolçu “Qarabağ”a kömək edə bilmədi. Onun yoxluğunu qrup mərhələsinin son oyunlarında çox hiss etdik. Bunlar artıq keçmişdə qalıb. əsas odur ki, Reynaldo artıq sagalıb və komandasıyla birlikdə Antalyada təlim-məşq toplanışındadır. O, artıq yoxlama oyunlarından birində (Qarabağ - Sürix 1:1) qol da vurub.

Publika.az oxuculara Reynaldonun hazırlıqla bağlı qısa müsahibəsini təqdim edir.

- Hazırlıq necə gedir?
- Komandada bizi hər şey qane edir. Zədədən sonra optimal formaya qayıtmaq üçün əlimdən gələni edirəm. Yenidən çempion olmaq, komandama fayda vermək istəyirəm.

- Avropa Liqasının qrup mərhələsindəki son oyunlarda iştirak edə bilmədiniz. Həmin dövrdə hansı hissləri keçirdiniz?
- Hər bir oyunu tribunadan izləmişdim. Hamı yaxşı oynamışdı. Qrupdan çıxmağımıza isə hakim səhvi mane oldu.

- Oynadığınız matçlarda çox vaxt ötürmə vermədiyinizə görə azarkeşlər və mətbuat tərəfindən tənqid olunurdunuz. Bu barədə nə deyə bilərsiniz?

- Əgər həmin oyunlarda qol vursaydım, heç kim elə deməzdi. Amma bir şeyi nəzərə almaq lazımdır ki, oyunun gedişində yanında kimin olduğunu dəqiq bilmirsən. Qapıçı ilə üz-üzə qalan futbolçu mübarizədən qalib çıxmağa çalışır. Sadəcə, bu istəyinə həmişə çata bilmir.

- Bu mövsüm neçə qol vurmağı planlaşdırmısınız?

- Əsas hədəf ölkə çempionu olmaqdır. Əlbəttə, çoxlu qol vurmağı da istərdim. Amma əsas məqsəd komandamla çempionluğu bayram etməkdir.

- Vaxtilə Azərbaycanın ən yaxşı legioneri olan Reynaldonun indi geriləməsi nə ilə bağlıdır?

- Mənə elə gəlir ki, oyun səviyyəm aşağı düşməyib. Hələ də qollar vururam. Hətta bir neçə qolum sayılmadı ("Sumqayıt"a vurduğu qolları nəzərdə tutur - red.). Avroliqanın qrup mərhələsində fərqlənə bilmədim. Amma bundan sonra daha çox qol vurmağa çalışacağam.

- Artıq iki ildir Azərbaycanda oynayırsınız. Millimizə dəvət almaq üçün daha üç il burada çıxış etməlisiniz. Gözləyəcəksiniz?

- İlk növbədə "Qarabağ"ın oyunlarına köklənmək istəyirəm. Əgər sonralar yenə məni Azərbaycan yığmasında görmək istəsələr, oynayaram.

- Robert Prosineçki ilə bu barədə söhbətiniz olmayıb?

- Belə bir təklif gəlməyib. Çünki hazırda klubumla təlim-məşq toplanışındayam.

- Neçə il "Qarabağ"da çıxış etməyi düşünürsünüz?

- "Qarabağ" məni isti qəbul etdi. Əgər burada yaxşı oyun sərgiləməyə davam etsəm, niyə də olmasın? Amma bunun üçün öz üzərimdə daha çox çalışmalıyam.

- Öz üzərinizdə təzyiq hiss etmirsiniz?

- Bizim futbolçulardan, məşqçilərdən daha böyük uğurlar gözləyirlər. Biz də azarkeşləri sevindirmək üçün daha yüksək nəticələrə imza atmaq istəyirik.


Müəllif:

Oxşar xəbərlər