14 Aprel 2015 01:50
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ağırlıqqaldırma üzrə qadın atleti, “Neftçi” idman klubunun yetirməsi Boyanka Kostova Tbilisidə keçirilən Avropa çempionatında qızıl medala sahib olub.

AZƏRTAC xəbər verir ki, B.Kostova aprelin 13-də 58 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulub. O, birdən ağırlıqqaldırmada əvvəlcə 100, sonra 105, daha sonra isə 109 kiloqramı başı üzərinə qaldırıb.

Atletimiz bununla həm də iki yeni rekorda imza atıb. Belə ki, 105 kiloqramı başı üzərinə qaldırmaqla o, yeniyetmələr arasında, 109 kiloqramı qaldırmaqla isə böyüklər arasında Avropa üzrə yeni rekord müəyyən edib. Atletimiz təkanla ağırlıqqaldırmada ilk cəhddə 125 kiloqramlıq nəticə ilə öz rekordunu təzələyib. O, 132 və 137 kiloqramı qaldırmaqla daha iki yeni rekorda imza atıb.

B.Kostova həm birdən ağırlıqqaldırma, həm də təkanla ağırlıqqaldırmada birinci olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ümumilikdə 246 kiloqramlıq nəticə göstərib. Qızıl medalı atletimizə Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan təqdim edib.

Federasiyanın prezidenti həm parlaq qələbəsinə, həm də yeni rekordlara görə B.Kostovaya təbriklərini çatdırıb.Atletlərin çıxışlarını izləyən münsiflər heyətində Azərbaycanı Əməkdar İdman Xadimi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edib.

Aprelin 14-də Azərbaycanın daha iki atleti 77 kiloqram çəki dərəcəsində Avropa çempionu adı uğrunda mübarizəyə qoşulacaq.


Müəllif:

Oxşar xəbərlər