21 Aprel 2015 22:15
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 21-də “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin geniş iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezident Administrasiyasının, Daxili İşlər, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər Baş Polis, Dövlət Yol Polisi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarələrinin, “Azəryolservis” ASC-nin, Bakı Sərnişin Nəqliyyat MMC-nin, paytaxtın, habelə velosiped turunun marşrutu üzərindəki rayonların və şəhərlərin icra hakimiyyətləri başçılarının nümayəndələri və veloturun təşkilinə cəlb olunmuş digər qurumların təmsilçiləri iştirak ediblər.

Turun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov iclası açaraq Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən tur Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə AVİF tərəfindən təşkil olunur. Mayın 6-da start götürəcək “Tour d'Azerbaidjan-2015” beynəlxalq velosiped yürüşü əvvəlki illərdə olduğu kimi, beş mərhələdə keçiriləcək.

Təşkilat Komitəsinin sədri qeyd edib ki, bu mərhələlərdən üçü dəyişilməz qalıb. Turun 4-cü və 5-ci mərhələlərinin marşrutları isə dəyişdirilib ki, bu da iyunda təşkil olunacaq “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlıdır. Belə ki, Oyunlara bir ay qalmış dünya idman ictimaiyyətinin diqqətini avarçəkmə üzrə yarışların keçiriləcəyi Mingəçevirə də cəlb etmək və Avropa Oyunları zamanı Bakıda nəqliyyatın rahat hərəkətinin təmin edilməsi məqsədilə veloturun beşinci - Bakı mərhələsinin marşrutu Avropa Oyunları Təşkilat Komitəsinin xahişinə uyğun olaraq müəyyənləşdirilib.

Sahib Ələkbərov bildirib ki, “Tour d’Azerbaidjan” yarışında 24 ölkədən 25 kollektivin iştirakı təsdiqlənib ki, onlardan da dördü pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 17-si kontinental, 4-ü isə milli komandadır. Federasiya rəsmisi “Eurosport” kanalı tərəfindən 3, “İdman Azərbaycan” kanalı ilə 5 mərhələsi birbaşa yayımlanacaq velotur vasitəsilə Azərbaycanın Avropa Oyunlarına tam hazır olduğunun bütün dünyaya nümayiş etdiriləcəyini də vurğulayıb.

İclasda “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilati işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılıb, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib.

“Tour d’Azerbaidjan-2015” veloyürüşündə iştirakçılar “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplaya biləcəklər.


Müəllif: