15 May 2015 01:12
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobil idmanında qəzaların sayını minimuma endirməyə çalışan Beynəlxalq Avtomobil Federasiyası (FIA) yaxın gələcəkdə xüsusi informasiya bazası yaradacaq.

ANS PRESS-in Azərbaycan Avtomobil Federasiyasının saytına istinadən verdiyi məlumata görə, həmin bazada beynəlxalq avtomobil yarışlarında qeydə alınan qəzaların statistikası toplanacaq. Daha dəqiq desək, dünyanın 8 ölkəsindən 139 milli federasiya növbəti iki il ərzində təşkil ediləcək yarışlarda baş vermiş qəzaların statistikasını informasiya bazasına ötürmək və lazım gəldikdə həmin bazada yığılan ümumi rəqəmlərlə tanış olmaq imkanı əldə edəcək.

FIA prezidenti Jan Todt bildirib ki, bu ideya avtomobil idmanında qeydə alınan qəzaları sistemləşdirməyə, analiz etməyə və mövcud problemdən çıxış yollarını tapmağa kömək edəcək: "Etiraf edək ki, son zamanlar idman yarışlarında qəzaların sayının artdığını müşahidə edirik. Odur ki, sosial-ictimai həyatla yanaşı, idmanda da konkret addımlar atmaq zəruridir. Bu zaman isə ümumi sözlərə deyil, faktlara söykənmək lazımdır. Məhz bu səbəbdən də informasiya bazası yaratmaq ideyası özlüyündə mühüm əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, hazırda dünyada qəzaların qarşısını tamamilə almaq mümkün deyil, lakin bu prosesi nisbətən zəiflətmək olar: “Avtomobil idmanında qəzalar olub və bundan sonra da olacaq. Təsəvvür edin, onlarla pilot eyni anda start xəttindən mübarizəyə başlayır və əsas məqsəd yüksək sürətlə hərəkət etmək, finiş xəttinə birinci çatmaqdır. Odur ki, bu cür mübarizələrdə qəzaların baş verməsi də adi haldır. FIA-nın əsas məqsədi isə həmin hadisələri imkan daxilində minimuma endirmək və hər kəsi məsuliyyətli olmağa çağırmaqdır”.


Müəllif:

Oxşar xəbərlər