Amerika kuboku (Copa America)/ 1/4 final mərhələsində Argentina və Kolumbiya yığmaları üz-üzə gəliblər.
ANS PRESS-in məlumatına görə, Argentina-Kolumbiya dörddəbir final matçında azarkeşlər gərgin mübarizənin şahidi olublar. Kolumbiya qapıçısı Ospinanın möhtəşəm oyunu Argentinanın matçda qol vurmağına maneə olub.
Birinci hissəyə nisbətən ikinci hissədə oyun daha sərt keçib. Ard-arda sarı kartların verildiyi matçda hesabın açılmaması oyunu penaltılara aparıb. Amerika kubokunun statusuna uyğun olaraq final matçından başqa digər oyunlarda əlavə vaxt olmur. Məhz buna görə, heç-heçə bitən matçda birbaşa penaltilərə keçilib.
Argentina son zərbələrdə uğur qazanaraq Kolumbiyanı qabaqlayıb. Nəticədə Argentina penaltilərdə 5-4 hesablı qələbə ilə adını yarımfinala yazdırıb. Argentina iyunun 30-da Braziliya - Paraqvay matçının qalibi ilə qarşılaşacaq.
Çilidə keçirilən sayca 44-cü Amerika Kubokunda 11 iyunda start götürüb və iyulun 4-də başa çatacaq. Turnir Cənubi Amerikanın ali futbol qurumu CONMEBOL tərəfindən təşkil olunur.
Uruqvay turnirə son çempion kimi qatılıb. Turnirdə 10-u CONMEBOL, 2-si CONCACAF (Meksika və Yamayka) üzvü olmaqla 12 komanda iştirak edir. Yamayka bu turnirə ilk dəfədir ki qatılır. Turnirin qalibi 2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak etmək haqqı qazanacaq.