“Barselona”dan ayrılacağı deyilən Karles Puyol karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Bu barədə mətbuata “Barselon”ada yaşayan və Kataloniya klubu ilə yaxın münasibətləri olan FIFA meneceri Bayram Tutumlu məlumat verib.
Teleqraf.com xəbər verir ki, Bayram Tutumlu Puyolla maraqlanan Türkiyə klubunun adını açıqlayıb:
”Puyol şərəfli və namuslu insandır. Mövsümün sonunda futbol oynaya biləcəyini hiss etsə, davam edəcək. Bundan 1 ay əvvəl “Trabzonspor”un başqanı İbrahim Hacıosmanoğlu Barselonaya gəlmişdi və Puyolla maraqlanırdı. Mən də futbolçu ilə bu məsələni danışdım. Mənə bildirdi ki, mövsümün sonunda qərar verəcək. Yəni, hər şey yayda bəlli olacaq.
Puyol gələ bilər. “Trabzonspor” Türkiyənin ən böyük klublarından biridir və bu klubu tanıyır. “Barselona” “Trabzonspor”a qarşı oynayıb. Mən sadəcə vəziyyəti soruşdum”.
Qeyd edək ki, bundan öncə Puyolun "Qalatasaray"a transfer olunacağı xəbəri yayılmışdı.
Aygün İlqarqızı