Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və “World Polo”nun birgə təşkilatçılığı ilə Binə qəsəbəsindəki “Elit Atçılıq və Polo” klubunda Beynəlxalq Polo Federasiyasının (BPF) arena polo üzrə birinci Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də - yarışın ikinci günündə Azərbaycan komandası növbəti dəfə azarkeşlərini sevindirib. Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil edilən yarışda Azərbaycan və İtaliya komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarrosdan ibarət Azərbaycan yığması rəqibinə 12:6 hesabı ilə qalib gəlib. Reytinq xalı yüksək olan İtaliya komandası görüşə 1:0 hesabı ilə üstün başlayıb. Buna baxmayaraq, polo ustalarımız güclü rəqiblə görüşdə inamlı oyun nümayiş etdirərək qələbə qazana biliblər. Azərbaycan yığması çempionatın ilk turunda Almaniya komandasını 9:7 hesabı ilə məğlub etmişdi.
Günün digər görüşündə İspaniya millisi İsveçrə yığmasını 8:3 hesabı ilə məğlub edib. Almaniya komandası isə İrlandiya üzərində 5:2 hesabı ilə qələbə qazanıb. Bu nəticələrdən sonra hərəyə iki qələbə qazanan Azərbaycan və İspaniya komandaları 1-2-ci yerləri bölüşdürür.
Sentyabrın 6-da - çempionatın üçüncü turunda ilk oyunda meydana İsveçrə və İtaliya komandaları çıxacaq. Sonra Almaniya seçməsi İspaniya komandası ilə qarşılaşacaq. Günün sonuncu oyununda Azərbaycan və İrlandiya komandaları üz-üzə gələcək.
Altı turdan ibarət olan yarışda qalib komanda sentyabrın 12-də müəyyənləşəcək.