13 Sentyabr 2015 00:01
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1\64 final mərhələsinin görüşləri başa çatır.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov İran təmsilçisi İdani Puya ilə ikinci görüşdə heç-heçə oynayıb. Ümumi nəticədə 1.5-0.5 hesabıyla qalib gələn Məmmədyarov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: “Dünənki qələbədən sonra bu gün oynamaq daha rahat idi. Bu dəfə partyada mənə heç-heçə də sərf edirdi. Oyunumu da buna uyğun qurmuşdum. Partiyanın başlanğıcında böyük üstünlük əldə etdim. Başqa yarış olsaydı, belə vəziyyətdə qələbəyə də oynayardım. Amma heç-heçə də sərf etdiyindən çox risk etmədim. Onsuz da 1,5: 0,5-lə 2:0-lıq qələbə arasında ciddi fərq yoxdu. Yalniz reytinqə bunun təsiri var. Bu turnirdə isə reytinq haqda düşünmürəm”.

Məmmədyarov dünən digər azərbaycanlı şahmatçıların çıxışına da toxunub: “Dünən çox şey tərs getdi. Vasifin oyunu heç-heçəyə gedirdi. Rauf və Qədirin qələbə qazanacağını gözləmirdim. Çünki rəqiblərin vəziyyəti yaxşı idi. Amma Teymur Eltacın qələbə qazanacağını gözləyirdım. Partiyanın gedişatı belə düşünməyə əsas verirdi. Lakin sonradan hər şey əksinə oldu. Ümumiyyətlə, dünən bir çox nəticələri gözlənilməz saymaq olar. Bu baxımdan Gelfandın oyununu da vurğulamaq olar. 1 səhv gediş hər şeyi dəyişir”.

Məmmədyarov “Növbəti mərhələdə Rafael Leitao, yoxsa Hou Yifanla qarşılaşmaq istərdiniz” sualını belə cavablandırıb: “Mənə qalsa, bu gün oyunu uduzan rəqiblə oynayardım (gülür). Amma bu, mümkün deyil. Qaliblə oynamağa məcburam. Hər iki rəqib də güclüdür. Biri qadınlar arasında dünya çempionu olub. Digəri isə mütəmadi olaraq dünya kubokunda iştirak edir. Rəqibin ciddi fərqi yoxdur. Hazırda yalnız yaxşı istirahət edib, qarşıdakı mərhələyə hazırlaşmalıyam”.

Yarışla bağlı təmsilçimiz bunları söyləyib: “Dünya Kuboku tam başqa turnirdir. Adicə bir faktı deyim. Anand 2001-c ildə dünya çempionu idi. Amma ilk görüşündə ağ fiqurlarla ən aşağı reytinqli idmançıya uduzdu. Hamı da bunu normal qarşıladı. Son zamanlar reytinqim aşağı düşüb. Bunun da nəticəsində son illər ilk dəfə olaraq birinci mərhələdə qrossmeystlerlə qarşılaşdım. O da zəif rəqib deyildi. Hər oyunun, hər rəqibin öz çətinlikləri var. Ola bilər ki, heç kimin gözləmədiyi idmançı sonda qalib olsun”.

Məmmədyarov doğma divarlar arasında oynamağın müsbət və mənfi tərəflərindən də söz açıb: “Evdə oynamaq çox yaxşıdı. Adicə bir məqamı deyim: nahar, şam vaxtı milli mətbəximizin yeməklərini görürsən və düşünürsən ki, Vətəndə oynamaq xoşdur. Bunun mənfı cəhəti isə odur ki, hamı səndən qələbə gozləyir. Bu gün də deyirlər ki, niyə ikinci oyununda da qalib gəlmədin? (gülür). Özümə söz vermişəm ki, bütün çətinlikləri unudacağam. Son zamanlar doğma divarlar arasında oynayarkən çətinlik çəkirəm. Yalnız Azərbaycanda qazandığım uğurları yada salmaq lazımdır”.


Müəllif:

Oxşar xəbərlər