AFFA-da Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Məşqçilər Komitəsiylə birgə aşağı yaş qruplarından ibarət yığma komandaların baş məşqçiləriylə görüş keçirib.
Publika.az xəbər verir ki, görüşdə U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar müzakirə olunub, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışı barədə hesabat dinlənilib. Müzakirəyə çıxarılan məsələlərdən biri də bəzi futbolçuların milli komandaların toplanışlarına fiziki baxımdan hazırlıqsız gəlməsi olub.
Bu və digər məsələlərin həlli, həmçinin futbolun inkişafı ilə fikir mübadiləsinin aparılması məqsədiylə Robert Prosineçkinin və Məşqçilər Komitəsinin yaxın günlərdə Azərbaycan Premyer Liqası klublarının baş məşqçiləriylə görüşünün keçirilməsi qərara alınıb.