8 Mart 2016 12:51
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində cavab oyunlarına start veriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Bununla da 1/4 finala yüksələn ilk iki komandanın adı məlum olacaq.

“Roma”nı səfərdə 2 cavabsız qolla məğlub edən “Real”ın növbəti mərhələyə yüksəlməsinə möcüzə mane ola bilər. İtalyanların hazırkı məqamda “Santyaqo Bernabeu”da iki top fərqini aradan qaldırması inandırıcı görünmür. Üstəlik, “Canavarlar” Madriddə müdafiəçi Antonio Rüdiger və komandanın liderlərindən olan yarımmüdafiəçi Daniele De Rossinin xidmətindən yararlana bilməyəcəklər.

“Real”da isə vəziyyət fərqlidir. Qaret Beyl, Pepe və Marselo artıq sıraya dönüb. Yeganə ümidi Çempionlar Liqasını qazanmaq olan “Kral klubu”nu dayandırmaq “Roma” üçün çətin olacaq. Hər iki komandanın son vaxtlar məhsuldar çıxışı oyunun bol qollu keçəcəyindən xəbər verir.

“Volfsburq” səfərdə qalib gəldiyi “Gent” önünə ciddi itkilərlə çıxacaq. Naldo, Bas Dost kimi oyunçular Almaniya klubuna kömək edə bilmirlər. Bu azmış kimi, digər zədəlilər Niklas Bendtner və Dieqo Benalyonun da iştirakı sual altındadır. Buna baxmayaraq, yaxşı formada olan Bundesliqa təmsilçisinin səfərdə qazandığı üstünlüyü əldən verməsi inandırıcı görünmür.

Çempionlar Liqası. 1/8 final, cavab oyunları

8 mart

23:45 Real (İspaniya) – Roma (İtaliya) (ilk oyun – 2:0)
Baş hakim: Şimon Marçinyak (Polşa)


23:45 Volfsburq (Almaniya) – Gent (Belçika) (3:2)
Baş hakim: Damir Skomina (Sloveniya)

Publika.az


Müəllif:

Oxşar xəbərlər