27 May 2016 18:06
1 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ev sahibliyi edəcəyi Formula 1 yarışı ilə bağlı paytaxtda tikinti işləri aparılır. Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi şəhərimizin əsas mərkəzi hissələrindən keçəcək bolidlər üçün qarajlar artıq tikilib, bəzi küçələrdə təhlükəsizlik baryerləri quraşdırılıb. Yarış qülləsi adlanan pit binası kompleksində təmir işləri bitib, son hazırlıqlar görülür.

Start meydançası, əsas tribuna və pit-stop nöqtəsi Bakının Azadlıq meydanındakı bu qüllədədir. Həmçinin burada Formula 1 Paddok Klubu, komandaların boksları və pit-leyn qurulub.

Trek dünya standartlarına uyğun şəkildə inşa edilib

Formula 1 Avropa Qran Prisi ilə bağlı aparılan tikinti işləri barədə danışan Bakı Şəhər Halqasının tikinti üzrə meneceri Tomas Buçer bildirdi ki, tikinti işlərinin 95 faizi yekunlaşıb, bəzi quraşdırılma işləri saxlanılıb: “Bakı Şəhər Halqası trekinin uzunluğu 6 km 3 metrdir. Trek üzərinə asfalt örtüyü tamamilə çəkilib qurtarıb. Trek Beynəlxalq Avtomobil Federasiyasının, o cümlədən dünya standartlarına uyğun şəkildə inşa edilib.
Trekin memarı Herman Tilke və Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq qeyd etdi ki, bu trek dünyada ən yaxşı treklər sırasındadır.

“FİA təsdiqlədi ki, ən dar keçid Bakı trekindədir”

Onun sözlərinə görə, Bakı treki bir çox xüsusiyyətləri ilə seçilir: “Beynəlxalq Avtomobil Federasiyası (FİA) təsdiqlədi ki, ən dar keçidə malik Bakı trekinin həmin hissəsi İçəri Şəhər ətrafında olan bölmələrində, Qoşa qala qapılarının yaxınlığındadır və 7,5 metr təşkil edir. Trekin ən geniş yeri 13 metrdir. Eyni zamanda 12 dərəcə yoxuş, 9 dərəcə isə eniş var. Qəmbər daşlı yerlərin üzərindəki asfalt örtüyü isə müvəqqətidir, yarışdan sonra götürüləcək, növbəti il yarış öncəsi yenə asfalt qatı döşənəcək”.
Beynəlxalq Avtomobil Federasiyası yarışa bir neçə gün qalmış trekə baxıb standartlara uyğun olub-olmadığına nəzarət edəcək.

“Azərbaycandakı yarış Formula 1 mövsümünün ən baxımlı yarışı olacaq”

Tomas Buçerin fikrincə, Bakı treki şəhər trekləri arasında ən uzunudur, eyni zamanda ən sürətli şəhər treki olmağa namizəddir: “Çünki pilotlar dənizkənarı uzun xətt boyunca 340 kilometri aşa biləcəklər. İnanıram ki, Azərbaycanda keçirilən bu yarış builki Formula 1 mövsümünün ən baxımlı yarışı olacaq”.

“Əhalinin gediş-gəlişinə, nəqliyyatın hərəkətinə maneə yaratmaq istəmirik”

Təhlükəsizlik baryerlərinə gəlincə, Tomas Buçer söylədi ki, baryerlərin quraşdırılması işlərinin 95 faizi həll edilib: “Pit xətti boyunca divarlar bu həftə sonu yekunlaşacaq. Ümumilikdə pit kompleksi sahəsinə daxil olan binaların tikintisi və quraşdırılma işləri iyunun 6-da təhvil veriləcək. Komandaların 44 qarajı olacaq. 22 pilotun hər birinə 2 qaraj hesablanıb. Təhlükəsizlik üçün yarışın olacağı yollarda hər iki tərəfdə 12 km ərazidə baryer quraşdırılıb. Bu həftədən etibarən sürücülərin 300 km sürətlə yaxınlaşdığı, qəza ehtimalının olduğu yerlərdə təhlükəsizlik baryerləri daha da genişləndiriləcək. Əhalinin gediş-gəlişinə, nəqliyyatın hərəkətinə maneə törətməyək deyə baryerlər tamamilə quraşdırılmır. Əlaqədar dövlət qurumları ilə məsləhətləşib bu işi uyğun vaxta tamamlayacağıq”.

“İlk dəfə Azərbaycanda poladdan olan təhlükəsizlik baryerləri quraşdırılacaq”

Onun sözlərinə görə, iyunun 14-dən yarış keçiriləcək bütün yollar bağlanacaq: “Çünki təhlükəsizlik baryerlərinin hamısı quraşdırılmalıdır. Nəqliyyatın hərəkətinə maneə yaratmaması üçün poladdan olan 450 xüsusi baryer yerləşdirilməlidir. Neftçilər prospektində yol bağlanandan sonra yolun ikihərəkətli hissəsində baryer qoyulacaq. Bulvar yaxınlığındakı hissədə eyni yolda qarşı-qarşıya iki istiqamətdə yarış olacaq. O araya xüsusi təhlükəsizlik baryerlər yerləşdirdik ki, qəza olanda baryerlər digərinin yoluna keçib narahatlıq törətməsin. Ona görə də baryerlər xüsusi şəkildə inşa edilib. Formula 1 trekləri içərisində ilk dəfə Azərbaycanda poladdan olan təhlükəsizlik baryerləri quraşdırılacaq. Bu xüsusi baryerlər 19 və 13-cü döngələr arasında olacaq”.

Qoşa Qala qapıları ABŞ-dan gətirilmiş baryerlərlə qorunacaq

Tomas Buçer tarixi Qoşa Qala qapılarına xətər yetirilmə ehtimalının olmadığını dilə gətirdi. O qeyd etdi ki, narahatlığa heç bir əsas yoxdur, çünki İçərişəhərdə keçiriləcək hissələr xüsusi olaraq qorunur: “Dar küçədə binalar olan tərəfdə adi beton və üzərində dəmir hasar yerləşdiriləcək. İçərişəhərdə divar tərəfdə isə magistral yollardakı 1 metr hündürlükdə olan poladdan olan ABŞ-dan gətirilmiş xüsusi baryerlər olacaq. Həmin baryerlər yumşaqdır, qəzalar olanda avtomobil yapışır və onun aşmasına imkan vermir. 1 metrlik baryerlərlə divar arasında isə xüsusi polad plitələr quraşdırılacaq ki, qəza zamanı avtomobil aşsa belə divarı qoruyacaq”.

Pilotlar üçün ən çətin döngə 8-cidir

Qeyd edək ki, trekin ən çox çətinliyə malik hissəsi 8-ci döngədən sonra başlayır. Şəhər trekinin bu hissəsi pilotların vizit kartına çevriləcək. 8-ci döngədən sonra yol maksimal şəkildə daralır və bu hissədə pilotları kəskin yoxuş gözləyir. Pilotları sol tərəfdə YUNESKO tərəfindən qorunan İçəri Şəhərin qala divarları və giriş qapısı, sağ tərəfdə isə yaşayış binaları əhatə edəcək. Bu baxımdan trekin bu hissəsi xüsusi özəlliyə sahibdir. Tarixi irsimiz sayılan İçəri Şəhərin Qala divarlarının əhatəsindəki dar küçələrdən keçən pilotlar yenidən trekin geniş hissəsinə yönələcəklər. Pilotlar 12-ci döngədən 15-ci döngəyədək İstiqlaliyyət küçəsi ilə davam edəcəklər.

Hansı döngələrdə pilotları çətin sınaq gözləyir?

Həmçinin 19 və 20-ci döngələrdən sonra 1500 metrlik məsafədə 340 km/saat sürət yığacaq pilotları kəskin döngə gözləyir. Burada çox gözəl mənzərə yaranır. Bir yanda Formula 1 Paddok Klubunun arxasında görünən Hökumət Evi, digər tərəfdə isə start nöqtəsinə tərəf uzanan dənizkənarı yol. 90 dərəcəli sol döngədən sonra, pilotlar 300 metrlik məsafədə görkəmli rus şairi A.S.Puşkinin adını daşıyan küçədən keçəcəklər.
İkinci döngədən sonra Formula 1 bolidləri trekin Xaqanı küçəsi boyu 1 km uzanan və uzunluğuna görə ikinci böyük sürətlənmə xətti sayılan hissəsi gözləyir. Sonra pilotlar yenidən kəskin döngə ilə qarşılaşacaqlar. Birinci və üçüncü döngə pilotlara ötmə üçün əla şərait yaradacaq. Şəhər treklərində çox nadir hallarda iki uzun sürətlənmə xətti görmək olar.

Üçüncü döngədən sonra pilotlar sol tərəfə - Bülbül prospektinə doğru yol alacaq. 240 metrlik məsafəni düz keçdikdən sonra 90 dərəcəli sağ döngə ilə qarşılaşırlar. Bu düz yolun sol tərəfində gözəl mənzərəli Sahil bağı yerləşir. Daha sonra pilotlar Zərifə Əliyeva küçəsinə dönəcək, kiçik bucaqlı döngədən sonra 350 metr uzunluğunda məsafə qət edəcəklər. 5-ci və 6-cı döngə isə pilotları Neftçilər prospektinin əks istiqamətindəki yola yönəldəcək. Bura trekin iki fərqli hissəsinin yan-yana olduğu bölmədir. Təxminən 300 metr məsafədə Formula 1 bolidləri eyni küçədə əks istiqamətlərdə hərəkət edəcəklər, onları yalnız baryerlər ayıracaq. Söhbət yuxarıda söz açdığımız ABŞ-dan gətirilmiş poladdan olan xüsusi baryerlərdən gedir.

Bununla, trekin müasir Bakının mərkəz hissəsini göstərən görüntülər sona çatır. Yeddinci döngədən sonra pilotlar Əziz Əliyev küçəsi ilə İçəri Şəhərin qala divarlarına yönəlirlər. Bolidlər 500 metrə yaxın məsafəni ensiz küçələrdə qət edəcəklər.

Pilotların sınaq yarışı elə yarışın ilk günü iyunun 17-da olacaq.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər