Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliklərə əsasən, dövlət müəssisələrinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin (payların) idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na aşağıdakı məzmunda 7.9.4-cü yarımbənd əlavə olunur:
“7.9.4. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərinin və birgə müəssisələrin idarəetmə orqanlarında dövlətin nümayəndəsini təyin edir.”.
9.2-ci bəndin birinci və ikinci cümlələri aşağıdakı redaksiyada verilir:
“Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına və ondan təyinatı üzrə səmərəli istifadə olunmasına, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə nəzarət Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Nəzarətin həyata keçirilməsi məqsədi ilə dövlət orqanları, sahə mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, bütün dövlət müəssisələri təsdiq olunmuş forma üzrə hər ilin əvvəlinə xüsusi hesabatlarını 1 aprel tarixindən gec olmayaraq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməlidirlər.”.
Həmçinin 9.3-cü bənd aşağıdakı redaksiyada verilir:
“9.3. Dövlət əmlakının idarə edilməsinə və ondan səmərəli istifadə olunmasına nəzarət etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət müəssisələrində, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə monitorinq və araşdırmalar aparır, onların nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, həmçinin müvafiq dövlət orqanlarına məlumat verir.”.