3 Sentyabr 2016 15:12
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Mədəniyyət və Turizm Nazirliyinə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 800 min manat, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400 min manat, Bakı şəhərində ticarət festivalının (“shopping festival”) keçirilməsinə 400 min manat ayrılıb.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov sərəncamı Teleqraf.com-a şərh edib.

Nahid Bağırovun sözlərinə görə, belə bir sərəncamın verilməsi turizm sektoru üçün böyük bir bayramdır: “Turizm sahəsində çalışanlar suallarını və onları narahat edən məsələləri yaradılmış şuraya ünvanlayacaq, dəqiq cavabları əldə edəcək. Bu çox müsbət haldır.

Bundan əlavə sərəncama əsasən, xaricdəki diplomatik nümayəndəliklərimizdə turizm nümayəndələri olacaq ki, bu da ölkəyə daha çox turistin cəlb olunmasına imkan verəcək”.

Sərəncamda peşə gününün qeyd edilməsi ilə bağlı bəndin yer almasının ölkəmizdə bu işlə məşğul olan insanlara əlavə stimul yaradacağını deyən ekspertin bildirib ki, bazara bu da öz təsirini göstərəcək: “Turizm işçilərinin peşə bayramının təsis edilməsini bu sahədə həyata keçiriləcək kompleks tədbirlərin bir hissəsi kimi qiymətləndirmək olar. Yaradılmış şura öz fəaliyyətinə mütəxəssisləri cəlb edə, işçi qrupları yarada bilər.

Dünya Səyahət və Turizm Şurasının məlumatına əsasən, Azərbaycanda turizm sektoru ÜDM-in 2,8%-ni təmin edir. Bundan sonrakı dövrdə də Azərbaycanda mövcud turizm potensialını inkişaf etdirərək beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi labüddür”.

Qeyd edək ki, sərəncamda turizm sahəsinin qanunvericilik bazası və dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsi, regionlar üzrə milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla yeni turizm marşrutlarının təşviqi, yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması nəzərdə tutulur.

Nahid Bağırov bildirib ki, sərəncamda Azərbaycanda turizm sahəsi üzrə məlumat bazasının yaradılmasının əks olunması əhəmiyyətli addımdır: “6 ay müddətində turizm ehtiyatları, turizm nümayişi obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, o cümlədən bu sahə üzrə statistik məlumatları və onların monitorinqinin nəticələrini özündə əks etdirən Turizm Reyestrinin və informasiya saytının yaradılması nəzərdə tutulub”.

Assosiasiya sədri qeyd edib ki, sərəncam Xəzər dənizinin Azərbaycana aid hissəsindən turizm məqsədləri üçün daha səmərəli istifadə etməklə çimərlik turizminin inkişafı ilə bağlı tədbirlər də öz əksini tapıb.

İlhamə ƏBÜLFƏT


Müəllif: