Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Dövlət Neft Şirkətinin (SOCAR) hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 100 000 ədəd faizli, sənədsiz, təmin edilməmiş istiqrazlar buraxılışını qeydiyyata alıb və onların emissiya prospektini təsdiq edib.
MBNP-dən Teleqraf.com-a verilən məlumata görə, məcmu nominal dəyəri 100 000 000 ABŞ dolları olan istiqrazların tədavül müddəti 5 il, illik gəlirlik dərəcəsi 5 faizdir.
SOCAR-ın istiqrazlarına abunə yazılışı 20 sentyabr - 10 oktyabr 2016-cı il tarixlərində, istiqrazların yerləşdirilməsi isə Bakı Fond Birjasında 13-14 oktyabr 2016-cı il tarixlərində keçiriləcək.
MBNP-yə daxil olan müraciətləri nəzərə alaraq bildirir ki, kommunikasiya kampaniyası zamanı istifadə olunan vizual materiallar qiymətli kağız deyil və reklam məqsədilə istifadə olunur. Sənədsiz istiqrazların mülkiyyətçilərinin hesablarının uçotu Milli Depozit Mərkəzi tərəfindən aparılacaq.
İlhamə ƏBÜLFƏT