İran Əlcəzair görüşündə neft hasilatının miqdarı ilə bağlı hər hansı bir razılığa gəlmək niyyətində deyil.
"Azərtac"ın məlumatına görə, “Mehr” agentliyi xəbər verir ki, İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə bu fikirdədir.
Nazir ölkəsinin neft hasilatını mövcud səviyyədə saxlamaq istəmədiyini və Əlcəzairdəki qeyri-rəsmi danışıqlarda digər böyük neft istehsalçıları ilə hər hansı bir razılığa gəlmək niyyətində olmadığını deyib.
O, İranın gündəlik neft istehsalını 4 milyon barrelə çatdırmaq istədiyini qeyd edib.
Hazırda gündəlik 3,6 milyon barrel neft hasil edən və OPEK-in üçüncü böyük neft istehsalçısı olan İran noyabrda Vyanada keçiriləcək OPEK yığıncağında rəsmi razılığın əldə olunacağı qənaətindədir.
Nazir sözünün davamında deyib: “İki günlük müddətdə razılığa gəlmək gündəmimizdə yoxdur. Biz Beynəlxalq Enerji Forumu üçün Əlcəzairə gəlmişik”.
Bundan əvvəl İranın neft bazarında əsas rəqibi olan Səudiyyə Ərəbsitanı hasilatın dondurulmasına hazır olduğunu bəyan edib.
OPEK-ə üzv ölkələrin qeyri-rəsmi görüşü sentyabrın 28-də Əlcəzairdə keçiriləcək. Görüşdə neft hasilatının dondurulması məsələsi əsas müzakirə mövzusu olacaq.
Beynəlxalq Enerji Forumu isə Əlcazirdə işə başlayıb. Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino bəyan edib ki, forum çərçivəsində OPEK-ə üzv və kartelə üzv olmayan digər böyük neft istehsalçılarının qeyri-rəsmi görüşlərində neft hasilatının azaldılması və ya dondurulması ilə bağlı hər hansı qərar qəbul edilməsə, bazarda neftin qiyməti 20 dollar/barreldən də aşağı düşə bilər.