29 Sentyabr 2016 11:52
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft İxrac Edən Ölkələr Birliyi - OPEC-in hasilatı bu ilin noyabrından azaltmaq barədə qərarı dünya bazarında neftin 7 faiz bahalaşmasına səbəb olub.

Teleqraf.com-un məlumatına görə, "Report"un analitik qrupu hesab edir ki, OPEC-ə üzv ölkələr arasında razılıq əldə olunsa da, neftin qiymətinin 55 dollar/barel həddini keçməsi mümkün görünmür. Buna səbəb neftin bahalaşmasına paralel olaraq ABŞ-ın şist neft hasilatını artırmasıdır.

Belə ki, bu ilin yanvar ayında bazarda qiymət 27 dollar/barelə qədər endikdən və sonradan artmağa başladıqdan sonra son 17 həftənin 2-si istisna olmaqla ABŞ-da fəal neft quyularının sayı 32,3% artaraq 418 ədədə çatıb. Bu da onu göstərir ki, neftin qiymətinin 50 dollar/barel səviyyəsində qalması ABŞ-ın şist neft hasilatını daha da aktivləşdirəcək.
Bundan başqa qeyd etmək lazımdır ki, Əlcəzair sammitində OPEC üzvləri hasilatı cəmi 250-750 min barel azaltmağa qərar veriblər. Bu isə neft bazarının tarazlığı bərpa etməsi üçün azdır.

Sammitdə Liviya və Nigeriya kimi ölkələrin neft hasilatı kvotalarına toxunmamaq qərara alınıb. Bu iki ölkənin isə hasilatı 1,6 mln. barel/günə qədər artırmaq potensialı mövcuddur.

Üstəlik OPEC hasilat kvotası müəyyən etsə də çox vaxt üzv ölkələr bu kvotalara əməl etmirlər.

Neftin bahalaşmasını əngəlləyəcək digər amil isə 2017-ci il üçün qlobal neft tələbi proqnozunun azalmasıdır. Beynəlxalq maliyyə təşkilatları gələn il neft tələbində gündəlik artım proqnozunu 1,4 mln. bareldən 1,2 mln. barelə endirib. Qlobal iqtisadi artımn üzrə proqnozun azaldılması isə onu göstərir ki, neftə tələbat bir qədər də azala bilər.

"Report"un analitik qrupu hesab edir ki, əmtəə birjalarında "Brent" markalı neft maksimum 55 dollar/barelə qədər bahalaşa bilər. Tədricən qiymətin azalması və 30-40 dollar/barel həddində qərarlaşması ehtimal edilir.

Dünya iqtisadiyyatında, xüsusilə də Çində hər hansı mənfi proseslər baş verərsə, o zaman qiymət 30 dollar/bareldən də aşağı düşə bilər.

Hazırda maliyyə bazarları ABŞ-dakı prezident seçkilərinin nəticələrini gözləyir. Respublikaçı namizəd Donald Trampın seçilməsi nefti kəksin ucuzlaşdıracaq. Buna səbəb Trampın ABŞ-a idxal edilən Çin mallarına əlavə 45% rüsum tətbiq etmək barədə planıdır. Belə olarsa, dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatında yavaşlama sürətlənəcək və neftə tələbat kəskin azalacaq.


Müəllif: