30 Sentyabr 2016 18:40
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 30-da “BP-Azərbaycan” şirkətində “BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2015”ın təqdimatı olub.

Teleqraf.com-un məlumatına görə, təqdimatda şirkətin hesabatlar və işçilərlə ünsiyyət üzrə meneceri Rüfət Ağayev bildirib ki, hesabatda 2015-ci ildə “BP Azərbaycan”ın istehsalat göstəricisi, əməyin təhlükəsizliyi, əməliyyatları, ətraf mühitlə bağlı görülən işləri, əməkdaşları və Azərbaycandakı digər fəaliyyətlər barədə məlumat yer alıb.

Bundan əlavə, 2016-cı ildə baş vermiş mühüm hadisələr də hesabatda əksini tapıb. Bu, şirkətin davamlı inkişafı haqqında 13-cü hesabatıdır .

Bildirilib ki, hesabat ilində “Şahdəniz Mərhələ 1” layihəsinin işlənilməsi çərçivəsində BP-nin dəniz dibindən 6000 metr dərinlikdə və yüksək təzyiq altında olan bir sıra ən çətin quyular qazılıb. Bu günə qədər cəmi yeddi il ərzində Xəzərdə mövcud olan ən dərin quyu qazılıb, dənizdə platforma quraşdırıb, quruda terminal tikilib, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyə sərhədinə qədər 700 kilometr uzunluğunda “Cənubi Qafqaz Boru Kəməri” çəkilib. “Şahdəniz Mərhələ 1” layihəsindən 2015-ci il boyunca ən yüksək sabit hasilat əldə olunub, 9,9 milyard standart kubmetr qaz və təxminən 18,3 milyon barrel kondensat hasil edilib.

2015-ci ildə “BP Azərbaycan” ilə SOCAR-ın əməkdaşlığı məşəldə yandırılan qazın 4 faizdən 2 faizə enməsi ilə nəticələnib. Bu azalmaya səbəb olan fəaliyyətlərə enerji ehtiyatlarından daha səmərəli istifadə və istehlakçıların enerjidən istifadə imkanının yaxşılaşdırılması daxildir.

Digər uğur 2013-2015-ci illərdə muzeylərə pulsuz giriş kampaniyası çərçivəsində şirkətin Azərbaycanda Amerika Ticarət Palatası tərəfindən Korporativ Sosial Məsuliyyət sahəsində mədəniyyət kateqoriyası üzrə mükəmməllik mükafatına (“CSR Excellence Award”) layiq görülməsidir.


Müəllif: