3 Oktyabr 2016 17:21
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti (NK) Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib.

Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Buna qədər bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

NK-nın qərarını Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov şərh edib.

Deputatın sözlərinə görə, belə bir qərarın qəbuluna ehtiyac vardı: “Birincisi, gömrük rüsumu artırılan məhsullar faktiki Azərbaycanda istehsal olunur. Fermer və sahibkarlar həmin məhsulların hamısını Azərbaycanda istehsal edirlər.

Düzdür, həcmi kifayət qədər böyük, yəni əhalinin tələbatını ödəmək iqtidarında deyil. Ancaq gələcək üçün bunun böyük əhəmiyyəti var, fermer və sahibkarlar bu qərardan istifadə edərək əhalinin tələbatını təmin etmək üçün istehsal etdikləri məhsulun həcmini genişləndirə bilərlər.

Həmçinin, gömrük rüsumu artırılan mallar monopoliyada olan məhsullar idi. Hamısını xaricdən müəyyən monopolistlər gətirirdi, heç kim bu sahəyə yaxın dura bilmirdi. Bu qərar həm də monopoliyanı aradan qaldırmaq üçün atılan addımdır”.

Millət vəkili deyir ki, qərarın icrasına başlandıqdansonra süni qiymət artımının qarşısını almaq üçün bazara nəzarət etmək labüddür: “Rüsmun artırılması Azərbaycanda ərzaq məhsullarının qiymətində müəyyən müddətlik artıma səbəb ola bilər. Ancaq süni qiymət artımına nəzarət etmək lazımdır. Bunun üçün İqtisadiyyat Nazirliyinin antiinhisar şöbəsi var. Onlar gərək bu işlə məşğul olsunlar ki, sahibkarlar və fermerlər qiyməti süni şəkildə artırmasınlar.

Ancaq ümumi götürəndə bu məhsulların istehsalını genişləndirmək mümkündür. Kənd təsərrüfatı böyükdür və əlavə sərmayə qoymaq da mümkündür. Daha ciddi məsələ odur ki, Azərbaycanda bazarda qiymət məsələsi həll olunsun”.

Sevinc


Müəllif: