16 Yanvar 2017 17:03
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 16-da Bakıda Azərbaycan hökuməti ilə Dünya Bankı arasında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə 400 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.

Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, imzalanma mərasimi Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun Bakıya səfəri çərçivəsində keçirilib.

Dünya Bankının Direktorlar Şurası dekabrın 20-də TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) tərəfindən 30 il müddətinə 400 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

TANAP layihəsi üzrə işlərin təxminən 60 faizi görülüb.

Türkiyəyə nəql ediləcək ümumilikdə 6 milyard kubmetrlik qazın 2018-ci il iyunun sonunda ilkin mərhələdə 2 milyard kubmetri qəbul olunacaq. Həmin həcm sonrakı il 4 milyard kubmetrə, daha sonrakı il isə 6 milyard kubmetrə çatacaq. 11,7 milyard dollar ilkin dəyəri olan TANAP layihəsinin tələb olunan kapital xərcləri hazırda 8,5 milyard dollara düşüb.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir.

TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP-ın tikintisinin 2018-ci ilin iyun ayının sonunadək başa çatacağı planlaşdırılır.

TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.


Müəllif:

Oxşar xəbərlər