Bu gün Azərbaycan Dövlət İqtisadi Universitetində (UNEC) "İqtisadi təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı elmi-praktiki konfrans öz işinə başlayıb.
Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, Azərbaycan gömrük xidməti ötən gün 25 illiyini qeyd edib. O, DGK-nin Ümumdünya Gömrük Təşkilatı (ÜGT) ilə sıx əməkdaşlıq etdiyini də deyib. Qeyd edib ki, yalnız Avstraliyada və Azərbaycanda Ümumdünya Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) nümayəndəliyinin olması ÜGT-nin Azərbaycana və ölkə gömrüyünə olan etibarının göstəricisidir.
ÜGT-nin baş katibi Kunio Mikuriya çıxışında bildirib ki, gömrük xidməti müasir innovativ idarəetməyə malik olmalıdır: "Bunun üçün də biz rəqəmsal gömrüyə böyük önəm veririk. Ticarətin sadələşdirilməsi və təhlükəsiz idarə olunması önəmli məsələyə çevrilib. Biz qeyri-qanuni ticarəti leqallaşdırılması üzərində düşünməliyik. Çünki qeyri-qanuni ticarətə nəzarətin gücləndirilməsi mədəni irsin qorunmasına da bir töhfə olacaq".
Kunio Mikuriyanın sözlərinə görə, bu gün Azərbaycan gömrüyü regional liderdir: "Azərbaycan gömrüyü hazırda potensial quruculuğa, texniki potensiala və müasir kinoloji mərkəzə malikdir".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, gömrük sistemində təhlükəsizlik hər bir dövlətin qarşısında duran ən önəmli məsələlərdən biridir: "İxrac-idxal əməliyyatlarının aparılmasında dövlət gömrük orqanlarının böyük rolu var. Bu günlərdə Azərbaycanda prezidentin sərəncamları ilə yeni hazırlanan yol xəritələrdə də gömrük orqanlarının qarşısında çox böyük öhdəliklər durur. Mən əminəm ki, Azərbaycanın gömrük sistemi bu öhdəlikləri tam olaraq yerinə yetirəcək".
Zifaət Əsgərov deyib ki, gömrük orqanları Azərbaycan iqtisadiyyatın inkişaf etdirilməsində çox böyük rol oynayır və Azərbaycan iqtisadiyyatının inkişafı gömrük xidmətinin əməyindən və səmərəliyindən asılıdır.
Sonra Milli Məclisin komitə sədri Ziyad Səmədzadə və UNEC-in rektoru Ədalət Muradov ticarət təhlükəsizliyi və asanlaşdırılması ilə bağlı geniş mühazirə ilə çıxış ediblər.
Sonda DGK ilə UNEC arasında elmin inkişafı və kadr potensialının gücləndirilməsi sayəsində Anlaşma Memorandumu imzalanıb. Sənədə A. Əliyev və Ə. Muradov qol çəkiblər.