10 Fevral 2017 16:16
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər dolların məzənnəsi kəskin aşağı düşüb. Vaxtilə ticarət mərkəzləri qiymət artımını dolların kursunda baş verən sıçrayışla izah edirdilər.

Bəs əks-proses vəziyyətə necə təsir göstərib?

“Makromarket” şəbəkəsindən bildirildi ki, qiymətlərin düşməsi baxımından onlarda heç bir yenilik yoxdur: “Mal aldığımız firmalar qiymətləri salmayıblar. Biz də məcbur qalıb, əvvəlki qiymətlərlə işləyirik”.

“Baravo”, “Araz”, “Neputun” marketlərindən isə qiymətlərlə bağlı hər hansı açıqlama vermək istəmədilər. Bizdə olan məlumata görə, hazırda iri marketlər heç bir qiymət dəyişikliyi aparmayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, ərzaq məhsullarının qiyməti düşməlidir: “Məhsullar xaricdən dollarla alınırsa, dollar ucuzlaşan kimi qiymətlər də aşağı düşməlidir. Qiymətlərə nəzarət işinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti baxmalıdır.

Bəzi qiymətlərin tənzimlənməsinə ehtiyac var. Qiymətlərin bu səviyyədə buraxılması ciddi məsələdir. Nəzarət olmasa, qiymətlər aşağı düşməyəcək”.

İqtisadçı Pərviz Heydərov deyir ki, dolların artıb-azalması 1.65-2,05 manat aralığında müşahidə edilməlidir: “Manat bundan sonra gah bahalaşacaq, gah ucuzlaşacaq. Yəni manatın dəyəri heç vaxt 2015-ci ilin fevralın 21-i tarixinədək olduğu kimi bir nöqtədə donub qalmayacaq. Həmin dövr artıq arxada qaldı. Yəni, manat müəyyən ay ərzində sürətlə ucuzlaşacaq, digər ay ərzində isə bahalaşacaq. Biz həmişə bunun şahidi olacağıq. Bu tendensiya dayanıqlı deyil.

Valyuta bazarındakı proseslərlə bağlı idxalçılarda və yerli məhsul istehsalçılarında konkret bir müəyyənlik yaranmayınca, qiymətlər yüksələcək, amma enməyəcək... Bu da təbii bir haldır. Hesab edirəm ki, artıb-azalma 1.65-2,05 AZN aralığında tam təsbitini tapdıqdan sonra istehlak bazarında da sabitlik yaranacaq. Buna isə hələ var”.

Ekspert deyir ki, manatın yanvar ayı ərzində nümayiş etdirdiyi ucuzlaşma prosesinin fevralda səngiyəcəyi gözlənilən idi: “Xatırladım ki, yanvarda manatın dollara qarşı dəyəri 8,23 faiz civarında ucuzlaşıb. Keçən ilin də fevral ayını yada salsaq, ölkənin valyuta bazarında gərginliyin adı çəkilən ayda yatdığını görərik.

Hərçənd ondan bir il əvvəlki analoji ay, dəqiq desək, 2015-ci ilin fevralın 21-i yaddaşlarda manatın ilk dəfə devalvasiyaya uğradığı tarix olaraq qalıb. Ancaq, o zaman valyuta bazarımız inzibati yolla tənzimləndiyindən, tendensiyanın hansı istiqamətə doğru meyl etdiyini müşahidə etmək mümkün deyildi.

Ümumilikdə fevral manat üçün “nisbi sakitlik” ayı hesab olunur. Bunun da bir sıra səbəbləri var. Birincisi, fevral iqtisadi aktivlik ayı deyil. İkincisi, ölkədən kənardakı əlverişsiz iqtisadi proseslər bu ay ərzində nisbətən səngiyir”.

Yerli istehsalçı müəssisə olan “Azersun Holding”in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov deyir ki, manatın möhkəmlənməsi uzunmüddətli olsa, məhsulların qiymətinə də təsir edəcək: “Dolların ucuzlaşması 2-3 gün davam edəcəksə, qiymətlərin tənzimlənmə amilinə təsir göstərməyəcək. İlk devalvasiyadan sonra biz bir müddət gözlədik, qiymətləri qaldırmadıq, məhsulu maya dəyərinə təklif etdik. Dollarda sabitlik olmadığından qiymətləri qaldırmaq məcburiyyətində qaldıq”.

Afiq Səfərov bildirib ki, qiymətlərin aşağı olması şirkətin marağındadır: “Hazırda istehsal etdiyimiz məhsulun xammalını bugünki məzənnə ilə almamışıq. Qiymətlərin aşağı olması bizim də maraqımızdadır. Bu, daha çox məhsul satmaq və daha çox işçi çalışdırmaqdır”.

İlhamə ƏBÜLFƏT


Müəllif: