Süni qiymət artımına yol verilməməlidir. Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, 2017-ci il yaxşı başlayır, yaxşı nəticələr var: "Çalışmalıyıq ki, il ərzində bu dinamikanı saxlayaq və 2017-ci ili də uğurla başa vuraq. Önəmli məsələlərdən biri təbii ki, makroiqtisadi sabitlikdir. Bu makroiqtisadi sabitliyi möhkəmləndirməliyik. Süni qiymət artımına yol verilməməlidir. İstehlak qiymətlərinə daim diqqət göstərilməlidir, bu, nəzarət altında olmalıdır. Hesab edirəm ki, bütövlükdə makroiqtisadi sabitlik baxımından 2017-ci il əvvəlki illərlə müqayisədə daha uğurlu olacaqdır. Bunu deməyə kifayət qədər əsaslar var. Bu istiqamətdə düşünülmüş və çox çevik siyasət aparılmalıdır".
İlham Əliyev bildirib ki, dövlət büdcəsinin icrası da uğurla gedir: "Həm gömrük, həm vergi orqanları rüblük planı artıqlaması ilə yerinə yetiriblər. Bu, yaxşı haldır. Eyni zamanda, büdcə xərcləri də 100 faiz icra edilməlidir. Çünki əvvəlki illərdə bəzi hallarda investisiya xərclərində nəzərdə tutulan vəsaitdən tam istifadə edilmirdi. Bu il isə həm qəbul edilmiş pul proqramı, eyni zamanda, xərclərlə gəlirlər arasındakı tarazlıq tam təmin edilməlidir. Builki investisiya proqramı kifayət qədər təsirli olmalıdır. Bu gün ölkə üçün ən lazımlı layihələrə kifayət qədər vəsait ayrılır və birinci rübdə işlər yaxşı gedir. Gərək investisiya proqramı tam şəkildə icra edilsin.
Mən qeyd etmişəm ki, bizim maliyyə vəziyyətimiz yaxşıdır. Biz bu il valyuta ehtiyatlarımızı üç ay ərzində 1 milyard dollar səviyyəsində artırmışıq. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çox artıqdır. Hesab edirəm ki, bu, dünya miqyasında çox nadir hallarda rast gəlinən bir mənzərədir. Bu baxımdan Azərbaycan əlbəttə ki, fərqlənir. Bir çox inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsuldan çoxdur. Valyuta ehtiyatları xarici borcun heç 20 faizini ödəyə bilmir. Ancaq bizdə xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, çox aşağı göstəricidir. Valyuta ehtiyatlarımız isə xarici borcdan beş dəfədən çox artıqdır. Hesab edirəm ki, müxtəlif reytinq agentlikləri, bax, bu amilləri nəzərə almalıdır. Eyni zamanda, giriş sözümdə qeyd etdiyim kimi, ilin birinci rübünün iqtisadi göstəriciləri də ən gözəl nəticələrdən biridir".